Avqustun 22-də Ali Məhkəmədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov barəsində Bakı Apellyasiya məhkəməsinin 2 mart 2022-ci ildə qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
Bakı Apellyasiya məhkəməsi Niyaməddin Əhmədov haqqında Bakı Ağır Cinayətlər məhkəməsinin 13 illik həbs hökmünü qüvvədə saxlamışdı. Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən bugünkü prosesdə kassasiya şikayəti təmin edilməyib.
Məhkəmə iclasında Niyaməddin Əhmədov iştirak etməyib.
Niyaməddin Əhmədovun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, prosesdə baş verən pozuntuları məhkəmənin diqqətinə çatdırıb.
"Çox təəssüf ki, bizim kassasiya şikayətimiztəmin edilmədi. Mən bəraətverici əsaslarla Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdim. Çünki Niyaməddin Əhmədov saxlanılan gündən onun fundamental hüquqları pozulmuşdu. Müdafiə hüququ pozulmuşdu, ailəsinə vaxtında məlumat verilməmişdi, mən uzun müddət onunla görüşüb, əlaqə saxlaya bilməmişdim, mənim iştirakım olmadan dəfələrlə dindirilmişdi. Bütün bu halları məhkəmənin diqqətinə çatdırdım. Təəssüf ki, məhkəmə bizim arqumentlərimizi qiymətləndirmədi", o bildirib.
Bugünkü məhkəmə prosesində AXCP fəalının yaxınları, hüquq müdafiəçiləri və jurnalistlər iştirak edib.
Hüquq müdafiəçisi Zəfər Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Ali Məhkəmənin qərarını əsassız və qanunsuz hesab edir.
"Məhkəmədən bir gözləntimiz yox idi. Çünki işin gedişində, siyasi iradədə Niyaməddin Əhmədovla bağlı nəsə dəyişiklik yoxdur. Elə bir şey olsaydı hiss edilərdi. Əvvəldən bilinirdi ki, ciddi bir dəyişiklik olmayacaq", o deyib.
Vəkil Zibeydə Sadıqova bildirib ki, Niyaməddin Əhmədovla müzakirə apardıqdan sonra növbəti addımları müəyyənləşdirəcəklər.
Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamıyla bir ay inzibati həbsdə saxlanıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində yeni iş başlanıb.
İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.
İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.
AXCP bu ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb.
Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.