İran Azərbaycanının müxtəlif bölgələrində Urmiyə gölü üçün maarifləndirmə və etiraz kampaniyalarının genişlənməsi ilə birlikdə İranın təhlükəsizlik qüvvələri mədəni və siyasi fəallara basqıları artırıb.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrin bildirdiyinə görə, kəşfiyyat idarəsi keçən günlərdə müxtəlif şəhərlərdə türk fəallara telefon edərək onları təhlükəsizlik şöbələrinə çağırmağa davam edib.
Bazar və bazar ertəsi günlərində Şərqi Azərbaycan vilayəti kəşfiyyat baş idarəsinin telefon etdiyi fəallardan Yusuf Sələhşur, Hüseyn Rəxşanikiya və İbrahim Asimaninin adları məlum olub.
Bu fəallardan Təbrizdə kəşfiyyat idarəsinin informasiya qərargahına müraciət etmələri tələb olunub.
SEE ALSO: Təbriz və Urmiyədə bəzi fəallar kəşfiyyat şöbələrinə çağırılıbSon vaxtlar Urmiyə gölündə su həcminin tarixindəki ən aşağı həddə çatmasına dair xəbərlərin yayılmasının ardınca göl üçün təşkil olunmağa başlayan kampaniyalar günü-gündən genişlənir.
Keçən iki həftə ərzində Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində qadın fəallar, tələbələr, alpinistlər, idmançılar, velosipedçilər, eləcə də futbol və voleybol azarkeşlərindən ibarət olan qruplar müxtəlif şəkillərdə Urmiyə gölünün kritik vəziyyətini gündəmə gətiriblər.