Şərqi Azərbaycan vilayətində siyasi fəal Araz Əmani Nadarlının məhkəməsi keçirilib

Araz Əmani

Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində keçən may ayında nəzarət altına alınıb və bir müddət sonra müvəqqəti azadlığa buraxılan türk fəal Araz Əmani Nadarlının məhkəmə iclası keçirilib.

İran Azərbaycanında insan haqları pozuntularına dair məlumat yayan Ababs Lisani Telegram kanalının bildirdiyinə görə, Araz (Məhəmmədrza) Əmaninin məhkəmə iclası şənbə günü Şəbistər İnqilab məhkəməsində təşkil olunub.

Əmaninin "İslam Respublikası nizamına müxalif qruplar ya təşkilatların xeyrinə təbliğat fəaliyyəti göstərmək və insanları təhqir etmək" ittihamı ilə mühakimə olunduğu bildirilir.

SEE ALSO: İranın Şərqi Azərbaycan vilayətində fəallar iki oğlu həbsdə olan ailələyə kənd təsərrüfatı işlərində yardım edir

Araz Əmani keçən may ayının 21-də Şəbistərin Nadarlı qəsəbəsində İranın kəşfiyyat qüvvələri tərəfindən nəzarət altına alınmışdı. O, təqribən 3 həftə sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.

Abbas Lisani Telegram kanalının xəbərinə görə, "Əmaninin işinə baxan hakim məhkəmə iclasına gəlməyib. Fəalın vəkili Əsgər Məhəmmədi ittihamlara qarşı hazırladığı müdafiə layihəsini şöbənin ofisinə təqdim edib."

Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsindən olan Araz Əmani bundan öncə də mədəni və siyasi fəaliyyətləri səbəbilə mühakimə olunub.

SEE ALSO: Tehranda türk fəal Əli Rəzizadə Nadarlının məhkəməsi keçirilib

Nadarlı qəsəbəsinin əhalisi milli-mədəni fəaliyyətləri ilə tanınırlar. Son vaxtlar İranın təhlükəsizlik qurumları tərəfindən Nadarlı qəsəbəsindən olan fəallara qarşı təzyiqlərin artdığı bildirilir.