Urmiyədə keçirilən kişilər üzrə 2023 Asiya voleybol çempionatı çərçivəsində İran və Honq-Konq komandaları arasında oynanan matç zamanı tamaşaçılar Urmiyə gölü ilə bağlı şüarlar səsləndirib.
Sosial şəbəkələr və bəzi internet portallarında yayılan xəbər və videogörüntülərə əsasən, bazar günü Urmiyə stadionunda keçirilən matçı izləməyə gələn çox sayda tamaşaçı "Gəlin gedək ağlayaq, Urmu gölünü dolduraq!", "türk qardaşım dur səs ver, Urmu gölünə nəfəs ver!", "Azərbaycan var olsun, istəməyən kor olsun" və "Azərbaycan qızları, göylərin ulduzları" kimi şüarlar səsləndirib.
Dövlət agentliyi İRNA matç zamanı Urmiyənin Qədir stadionunun tamaşaçılarla dolduğunu yazıb.
Çərşənbə günü Təbriz stadionunda da Azərbaycan Traktor komandası və Tehranın Perspolis komandası arasında keçirlən oyun zamanı azarkeşlər bənzər şüarlar səsləndirmişdilər.
SEE ALSO: Traktor azarkeşləri stadionda Urmiyə gölü üçün şüarlar səsləndiribSon həftələrdə İran Azərbaycanında Urmiyə gölündə yaşanan ekoloji fəlakətlə bağlı narahatlıqların artması ilə bərabər təşkil olunmağa başlayan kampaniyalar günü-gündən genişlənir.
Keçən iki həftə ərzində Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində qadın fəallar, tələbələr, alpinistlər, idmançılar, velosipedçilər, eləcə də futbol və voleybol azarkeşlərindən ibarət olan qruplar müxtəlif şəkillərdə Urmiyə gölünün kritik vəziyyətini gündəmə gətiriblər.
SEE ALSO: Urmiyə voleybol liqasına türkcə şüarlarla öz möhrünü vurduİran Azərbaycanının bir çox bölgəsində əhali illərdir ki, Urmiyə gölündən gələn toz dumanlarından əziyyət çəkir. Ekspertlər gölün sahəsi kiçildikcə duz fırtınası təhlükəsinin artacağını bildirirlər. Prezident Ruhani dönəmində fəaliyyət göstərən Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi İsa Kəlantəri bir neçə il öncə Aral gölünün quruması ilə meydana gələn dəri və tənəffüs xəstəlikləri, habelə bəzi digər ölümcül xəstəliklərin Urmiyə gölü ətrafında da müşahidə edildiyini bildirmişdi.