Məhkəmə Bəxtiyar Hacıyevi şüşə qəfəsdə saxlayıb və vəsatətini təmin etməyib

Bəxtiyar Hacıyev

Avqustun 19-da Bakının Xətai rayon Məhkəməsi hakim Pərviz Zamanlının sədrliyi ilə insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə vəsatəti təmin etməyib.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə deyib.

Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

“Vəsatəti Bəxtiyar Hacıyevin özü vermişdi. Məhkəmədə də Hacıyev iştirak edirdi. Məhkəmə prosesində o şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında oturması ilə bağlı vəsatət verdi. Lakin bu vəsatəti hakim təmin etmədi. Bundan sonra Bəxtiyar Hacıyev və biz vəkilləri müdafiə çıxışından imtima etdik. Çünki bundan öncəki məhkəmə iclaslarında Bəxtiyar Hacıyev müdafiəçilərinin yanında oturmuşdu, bu prosesdə hakim onu da təmin etmədi. Beləliklə dövlət ittihamçısı və müstəntiq ev dustaqlığı ilə bağlı vəsatətin təmin edilməməsini hakimdən xahiş etdi və hakim vəsatəti təmin etmədi”, Mehdiyev Amerikanın Səsinə deyib.

Your browser doesn’t support HTML5

Vəkil: Məhkəmə Bəxtiyar Hacıyevi şüşə qəfəsdə saxladı

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir," vəkil bildirib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib. Sonuncu dəfə isə iyulun 22-də Xətai Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında fəal barəsində həbs qətimkan tədbirini oktyabrın 8-dək uzadıb.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.