Con Kirbi: ABŞ diplomatik yolla ən yaxşı nəticəyə nail olmaq üçün müntəzəm əsasda çalışır

"Biz Dağlıq Qarabağda dəhlizin kommersiya, humanitar və şəxsi avtomobillər üçün bağlanmasının davam etməsindən şübhəsiz ki, dərin narahatıq".

Bu barədə Dövlət Departamentində brifinq zamanı ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi Turan-ın müxbirinin sualına cavab verərkən bildirib.

"Biz bu dəhlizin yenidən açılmasını istəyirik, Azərbaycan hökumətini dəhliz vasitəsilə kommersiya, humanitar və özəl nəqliyyat vasitələrinin sərbəst tranzitini tez bir zamanda bərpa etməyə çağırmaqda davam edirik", o qeyd edib.

Con Kirbi həmçinin qeyd edib ki, ABŞ diplomatik yolla ən yaxşı nəticəyə nail olmaq üçün müntəzəm əsasda çalışır.

"Biz müxtəlif səviyyələrdə dialoq və diplomatiyanın müəyyən səviyyəsini dəstəklədik. Milli Təhlükəsizlik Şurasından Ceyk Sallivan və Dövlət Departamentindən Con Fayner bununla məşğul olurlar. Onu nəzərdə tuturam ki, biz diplomatik yolla ən yaxşı nəticəyə nail olmaq üçün müntəzəm əsasda çalışırıq", o əlavə edib.

Xatırlatma

İyulun 30-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində Qarabağda humanitar vəziyyəti müzakirə edib.

“Dünən mən Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığımızı bildirmək üçün Azərbaycan prezidenti Əliyevlə danışdım. Birləşmiş Ştatlar bütün tərəfləri davamlı sülh razılaşmasına nail olmaq üçün dialoqu davam etdirməyə təşviq edir”, Blinken iyulun 30-da Twitter səhifəsində qeyd edib.

ABŞ Dövlət Departamentinin açıqladığı məlumata əsasən, Blinken prezident Əliyevlə telefon danışığında Dağlıq Qarabağda humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.

Dövlət katibi Blinkenin bütün tərəflərin sülh danışıqlarında müsbət tempi saxlamasının vacibliyini vurğuladığı qeyd edilir.

ABŞ Dövlət katibi bu ilin mayında və iyununda Birləşmiş Ştatların Virciniya ştatında Arlinqtonda Corc Şultz adına Xarici İşlər Milli Təlim Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının iki raunduna ev sahibliyi edib.

Blinkenin sözlərinə görə, danışıqlarda gələcək sazişin bəzi maddələri razılaşdırılıb, həmçinin “bəzi həll edilməmiş məsələlər üzrə mövqelərin dərindən başa düşülməsinə” nail olunub.

İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.

Azərbaycan iyulun 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə Laçın sərhəd buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb.

İyulun 14-də Azərbaycan erməni sakinlərin zəruri qaydalara riayət etməklə tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin yenidən mümkün olduğunu, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırıla biləcəyini bildirib.

Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib.

Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb və yük avtomobillərini buraxmayıb.

Yaranmış vəziyyətlə bağlı son günlərdə bir sıra ölkələr və beynəlxalq təşkilatlar bəyanat yayaraq narahatlıq ifadə ediblər.