İran azərbaycanında Urmiyə gölü ilə bağlı maarifləndirmə fəaliyyətləri artıb

Urmiyə gölü ilə əlaqədar quraşdırılan afişalar

Son həftələrdə İran Azərbaycanının müxtəlif şəhərlərində, milli fəallar Urmiyə gölünün ağır vəziyyəti və onun tamamilə qurumasının bölgə sakinlərinin normal həyatına gətirdiyi mənfi nəticələri barədə insanlara məlumat vermək üçün fəaliyyətlərini artırıblar.

Sosial mediada yayımlanan xəbərlərə görə, güneyli milli fəalların xüsusilə Təbriz, Urmiyə və Ərdəbil şəhərlərində divar yazma, afişa quraşdırma, broşura və vərəqə paylama fəaliyyətlərinin artdığı müşahidə olur.

Ölkədə azad medianın və ictimai fəaliyyətlər üçün demokratik şərait olmadığından dolayı siyasi və ictimai fəallar sosial media platformalarının demək olar ki, hamısının qadağan olmasına rəğmən fəaliyyət etməsi ilə yanaşı köhnə üsullarla o cümlədən vərəqələr paylamaq və divarlara şüarlar yazmaq kimi fəaliyyətlərlə xalqla əlaqə saxlamağa cəhd edirlər.

Avqustun 7-də mill fəallar Təbriz şəhərinin müxtəlif yerlərində Urmiyə gölünün kritik vəziyyətinə etiraz əlaməti olaraq plakatlar asıb. Həmin plakatlarda, ingilis dilində “Urmiyə gölünü xilas edin” şüarından əlavə “Azadlıq, ədalət, milli hökumət” və “Azərbaycanın ətraf mühitinin qəsdən öldürülməsi, Azərbaycan xalqının qəsdən öldürülməsi ilə eynidir” şüarları da qeyd olunduğu müşahidə olur.

Həmçinin sosial medida Ərdəbil şəhərindən yayılan fotolara görə, milli fəalların divarlara şüarlar yazdığı müşahidə olur. Ərdəbildə "Azərbaycanın azadlığı yaxındır", "Xəzərdən Simnana su gəldi, ancaq Urmu gölü qurudu" şüarları divarlara yazılıb, eləcə də, vərəqələr paylanıb.

Cümə günü, avqustun 11-də Təbriz və Urmiyə şəhərlərində milli fəallar şəhərdə plakatlar və afişalar quraşdırıblar. Urmiyədə milli fəallar gölün qəsdən qurudulduğunu bunun isə İran Azərbaycanında yaşayan insanları köçə məcbur etmək məqsədi ilə həyata keçirildiyi bir yazı dərc olunmuş plakatı bu şəhərin Güllər Bağı parkında quraşdırıblar.

Eyni zamanda, milli fəallar və ətraf mühit fəalları tərəfindən Təbriz şəhərinin müxtəlif küçələrində gölün ağır vəziyyəti və onun canlandırılmasının zəruriliyi barədə məlumat verən afişalar quraşdırılıb.

Urmiyə gölü ilə əlaqədar Təbrizdə quraşdırılan afişalar

İbrahim Rəisinin hakimiyyətə gələndən sonra keçmiş prezident Həsən Ruhaninin dövründə yaradılmış Urmiyə gölü Canlandırma Mərkəzi ləğv edildi və hazırda gölün xilas etmə missiyasına Qərbi Azərbaycan valisi Məhəmməd Sadiq Motəmediyan rəhbərlik edir.

İbrahim Rəisi hökumətinin əleyhdarları hökuməti az iş görməkdə, bəzi hallarda isə heç nə etməməkdə ittiham edirlər. Eyni zamanda, İran Azərbaycanından olan bir çox siyasi fəal Urmiyə gölünün vəziyyətini hakimiyyətə gələn prezidentlərdən və kabinetlərindən asılı olmadığını, ümumiyyətlə İran hökumətinin gölü canlandırmaq üçün bir planı olmadığını hesab edirlər.

Əhmədinejad, Həsən Ruhani və İbrahim Rəisi administrasiyaları həmişə gölün qurumasını iqlim dəyişikliyi və yağıntıların azalması kimi təbii amillərlə əlaqələndirib, lakin bir çox ətraf mühit ekspertləri bu gölün qurumasına səbəb olan əsas amilləri insan faktorları və yanlış idarəçilik hesab edir.