İran Azərbaycanında Urmiyə gölündə yaşanan ekoloji fəlakətlə bağlı naratlıq günü-gündən artır. Urmiyə gölünün səmərəsiz su idarəçiliyi və gölün su haqqının verilməməsi nəticəsində geri dönülməz bir vəziyyətə salındığı barədə müstəqil ekspertlər və hətta İran dövlət qurumlarına çalışan bəzi ekspertlərin həmfikir olduğu görünür.
İqtisadçı və siyasi fəal Mehdi Nəimi Amerikanın Səsi ilə söhbətində Urmiyə gölünün qurumasında su ehtiyatlarının səmərəsiz idarə olunması ilə yanaşı iqtisadi ayrı-seçkiliyin də rolu olduğunu vurğulayır.
Your browser doesn’t support HTML5
"Biz deyirik Urmiyə gölünün 'qurudulması', hakimiyyət deyir 'quruması'. İddia edilir ki, bu, təbiidir və iqlim dəyişikliyindən qaynaqlanır. Ancaq, uzmanların dediyinə görə, burada su idaretmə və insani səhvlər və ya qəsdən yürüdülən yanlış siyasətlər Urmiyə gölünün qurudulmasında böyük bir rol oynayıb," Mehdi Nəimi söyləyir.
Son illərdə İranda fərqli dövlət qurumlarının rəsmiləri, eləcə də millət vəkilləri dövlətin Urmiyə gölünü canlandırma layihələri üçün ayırdığı büdcə ilə bağlı ziddiyyətli açıqlamalar veriblər. İran Azərbaycanında bəzi yerli siyasətçilər və millət vəkilləri Urmiyə gölü üçün ayrıldığı açıqlanan büdcənin necə xərcləndiyinin məlum olmadığını deyirlər.
SEE ALSO: Sina Mirzayi: Mən Urmiyə gölü məsələsində "rentaçı hakimiyyət anlayışı" görürəmNəimi deyir ki, "biz tələb etdiyimiz zaman, İran hakimiyyəti dövlət büdcəsinin məhdud olduğunu və belə bir faciənin önünə keçməyə yetərsiz qaldıqlarını dilə gətirirlər. Ancaq, görürük ki, başqa bölgələrdə İranın cənubundan mərkəzə su daşıma layihələri üçün bunların artığı artığına büdcələri var."
O, büdcə mövzusunda İran və Oman körfəzlərindən İsfahan, Yəzd və Kirman daxil olmaqla mərkəz vilayətlərə su çəkmək üçün dövlətin həyata keçirməkdə olduğu böyük layihələrə diqqət çəkir.
SEE ALSO: Musa Aşüftə: Urmiyə gölü məsələsinin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidir"Bəsrə körfəzindən İsfahana, Yəzdə, Rəfsəncana, Kirmana və Məşhədə indiyə qədər 3700 km boru ya döşənilib və ya döşənilməkdədir. Hələ burada arıtlanmış və içməli suya çevrilmiş bir layihədən danışırıq. Yəni, sadəcə boru xətti deyil, başqa xərclər də olur. Demək ki, istədikləri yerlərdə büdcəni ayıra bilirlər, xərclərə qatlaşa bilirlər. Ancaq, Urmiyə gölünə gələndə bunu görmürük. Hələ bunun üstünə bir də ayrı ölkələrdən Urmiyə gölünü canlandırmaq üçün gələn yardımların da başqa yerlərdə xərcləndiyini görürük," deyə iqtisadçı Mehdi Nəimi Amerikanın Səsinə müsahibəsində bildirib.