“Laçın dəhlizinin ətrafında vəziyyətin pisləşməsi dərindən narahatlıq doğurur”.
Bu barədə NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Xavyer Kolomina Twitter səhifəsində bildirib.
O bildirib ki, Laçın dəhlizi hərəkət azadlığını təmin etmək və aktual humanitar ehtiyacları həll etmək üçün açardır.
“NATO bütün tərəfləri müzakirə yolu ilə Ermənistan və Azərbaycan arasında razılaşmaya nail olmaq üçün səylərini ikiqat artırmağa çağırır, təşviq edir”, o qeyd edib.
İyulun 30-da ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevlə telefon söhbətində Qarabağda humanitar vəziyyəti müzakirə edib.
“Mən Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsi ilə bağlı dərin narahatlığımızı bildirmək üçün Azərbaycan prezidenti Əliyevlə danışdım. Birləşmiş Ştatlar bütün tərəfləri davamlı sülh razılaşmasına nail olmaq üçün dialoqu davam etdirməyə təşviq edir”, Blinken iyulun 30-da Twitter səhifəsində qeyd edib.
ABŞ Dövlət Departamentinin açıqladığı məlumata əsasən, Blinken prezident Əliyevlə telefon danışığında Dağlıq Qarabağda humanitar vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.
Dövlət katibi Blinkenin bütün tərəflərin sülh danışıqlarında müsbət tempi saxlamasının vacibliyini vurğuladığı qeyd edilir.
BMT Baş Katibi Antonio Quterreş Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 22 fevral və 6 iyul qərarlarını rəhbər tutaraq, Laçın yolunda insanların, maşınların və karqonun hərəkətinin sərbəstliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.
“O, xüsusi olaraq ərazidə pisləşən humanitar situasiya haqqında gələn xəbərlərdən narahatlığını ifadə edibb və ehtiyacı olan insanlara humanitar yardımın çatdırılması üçün təcili addımlar atılmasına çağırıb” - deyə, baş katibin sözçüsünün yardımçısı Farhan Haq Quterreşə istinadən bildirib.
O əlavə edib ki, BMT Baş Katibi tərəfləri regionda sülh və təhlükəsizlik naminə münasibətlərin normallaşdırlması üçün səylərini intensivləşdirməyə çağırıb.
Xatırlatma
Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə “Laçın” sərhəd buraxılış məntəqəsini qurub. İyunun 15-də Ermənistan tərəfdən keçid məntəqəsi atəşə tutulub, Azərbaycanın bir sərhədçisi yaralanıb. Sərhəd buraxılış məntəqəsi bir müddət bağlanıb.
İyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçin ilə görüşündə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndinin erməni sakinlərinə yardımları çatdırmaq üçün Ağdam-Xankəndi yolundan istifadə etməyi təklif edib. İyunun 26-da sərhəd buraxılış məntəqəsi yenidən açılıb.
Azərbaycan iyulun 11-də qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması səbəbiylə Laçın sərhəd buraxılış məntəqəsindən keçidin müvəqqəti olaraq dayandırılması barədə məlumat yayıb. İyulun 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə görüşdə bir daha bildirib ki, zəruri qaydalara riayət etməklə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinin davam etməsi mümkündür. Erməni sakinlərin tədarük ehtiyaclarına gəldikdə nazir Bayramov, Azərbaycan tərəfinin “Ağdam-Xankəndi” yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğunu bir daha xatırladıb.
Bundan sonra Qarabağda yaşayan erməni icmasının bir qrup üzvü Ağdamdan Xankəndinə gedən avtomobil yolunun Əsgəran rayonu ərazisindən keçən hissəsinə beton bloklar düzərək yolu bağlayıb və Azərbaycandan gələcək humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Ermənistan hökuməti 26 iyul tarixində Qarabağdakı erməni əhaliyə humanitar yardım məqsədi ilə yük avtomobilləri göndərib. “Biz Dağlıq Qarabağ ermənilərinin hazırda üzləşdiyi vəziyyətə göz yuma bilmərik. Dağlıq Qarabağa göndərilən 360 tonluq həyati əhəmiyyətli ərzaq sırf humanitar məqsədlərlə göndərilir”, Ermənistan baş naziri Nikol Paşinyan Twitter səhifəsində yazıb.
Azərbaycan tərəfi isə öz ərazilərinə icazəsiz yük avtomobillərinin göndərilməsini təxribat adlandırıb.