İRNA agentliyində dərc edilən məqalə: "İran əhalisinin təxminən 40%-ni Azərbaycan türkləri təşkil edir"

Təbriz

İran hökumətinin rəsmi xəbər agentliyi İRNA “Təbriz və Bakının ortaq yönləri dostluğun möhkəmlənməsi üçün əsasdır” başlığı ilə yayımladığı məqaləsində İran əhalisinin 40%-nin türklərdən ibarət olduğunu bildirib.

İran İslam Respublikasının rəsmi xəbər agentliyi iyulun 22-də dərc etdiyi məqalədə “İran və Azərbaycanda incəsənət”, “Adət və ənənələr” və “Etnik və dil” kimi başlıqlar altında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni oxşarlıqları dəyərləndirib.

Məqalənin İRNA-da dərc olunan “Etnik və Dil” bölməsində Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Həmədan vilayətlərində və habelə Qum və Qəzvin vilayətlərinin böyük bir hissəsi, eləcə də Gilan və Fars vilayətlərinidə əhəmiyyətli türk əhalinin olduğunu qeyd olunub.

“İran çox-etnikli cəmiyyətdir və ən böyük etnik və irqi qrupu İran əhalisinin təxminən 40%-ni təşkil edən Azərbaycan türkləridir”, məqalədə deyilir.

Bundan əvvəl İranın keçmiş xarici işlər naziri Əli Əkbər Salehi 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı bildirmişdi ki, İran xalqının 40%-i türk dilində danışır.

Bu, artıq ikinci dəfədir ki, İslam Respublikasının rəsmi orqanlarında İranda türklərin əhalinin 40%-ni təşkil etdiyini qeyd edilir. Hazırda İran İslam Respublikasının əhalisinin sayı 88 milyon nəfərdən ibarətdir və açıqlanan rəqəm nəzərə alındığı halda, İranda türklərin sayının 35 milyondan çox olduğu ehtimal edilir.

İranda rəsmi şəxslər və xəbər agentlikləri ölkədəki türklərlə bağlı “Azəri” və ya “türkdilli” ifadələrindən istifadə edirlər. Nəşr olunan məqalədə “Azərbaycan türkləri” və “türklər” sözlərinin işlənməsi də diqqət cəlb edib.

Ölkədə yaşayan etniklərin əhalisinin rəsmi statistikası açıqlanmadığına görə İran İslam Respublikasında etniklərin sayı barədə dəqiq və rəsmi məlumat yoxdur. Bununla yayımlanan bütün araşdırmalar təxminlərə əsaslanır.

İranda insan haqları fəalları və etnik qrupları təmsil edən hüquq müdafiəçiləri ölkədə etnik qrupların insan haqlarının pozulduğunu və İran İslam Respublikası tərəfindən bu icmalara, o cümlədən türk, bəluc, ərəb və kürdlərə qarşı mədəni və siyasi ayrı-seçkilikərin həyata keçirildiyini bildirir.

İran Azərbaycanındakı milli fəallar məktəblərdə ana dilində təhsilə qadağa qoyulması kimi ayrı-seçkiliklə yanaşı, türklərə qarşı iqtisadi, mədəni və siyasi ayrı-seçkilləri tənqid etdikləri üçün uzun müddətli həbs və sürgün cəzaları ilə üzləşirlər.