İranda “İranşəhərlilik düşüncəsi” tərəfdarları kimi tanınnan millətçi qruplar bir neçə ildir mütəmadi şəkildə hakimiyyətdən türk fəallara qarşı sərt ölçülərin götürülməsini tələb edirlər.
Amerikanın Səsinə danışan türk fəal Avşar Abbasinin sözlərinə görə, İslam Respublikası və onun məhkəmə qurumları hazırda bu qrupların təklif etdiyi siyasəti tətbiq etməkdədir.
Bozqurt işarəsi tutan bir gəncə həbs cəzası verən hakimiyyət, pan-İranistlərin simvol salamını verənlərə də 13 il həbs verir mi?
Son vaxtlar İran Azərbaycanı və Tehranda milli fəallara qarşı çıxarılan ağır həbs hökmləri və Qərbi Azərbaycan vilayətində türkcə-farsca nəşrlərin qapadılması hakimiyyət tərəfindən türklərə qarşı artan basqıların nümunələridir. Daha əvvəl isə, İran təhsil nazirliyinin “farsca yetərlilik testi” təşəbbüsü qeyri-fars icamalar arasında geniş təpkilərə yol açmışdı.
Avşar Abbasi “farsca yetərlilik testi” təşəbbüsünü son vaxtlar artan basqılardan ayıraraq dəyərləndirir.
“Mən bu farsca yetərlilik testini o birilərdən ayırmaq istəyirəm. Onu keçmişdən gələn assimilyasiya siyasətinin davamı və bu siyasətin xüsusiləşdirilməsi kimi görürəm. Yəni dövlət özü bu siyasəti yaxşı tətbiq edə bilmədiyi üçün, artıq bunu ailələrin öhdəsinə buraxır. Belə ki, bu layihə qüvvəyə minəndə, ailələr uşaqlarına daha çox farsca öyrətməklə bu assimilyasiya işinə davam edəcəklər,” türk fəal bəyan edir.
Avşar Abbasi İran Azərbaycanında ağır həbs hökmləri və qəzetlərin qapadılmasını İslam Respublikasının üzləşdiyi siyasi böhranlarla əlaqədar olaraq tətbiq etdiyi siyasətin bir hissəsi kimi gördüyünü ifadə edir.
Fars millətçilərinin istəkləri və təklifləri artıq məhkəmə sistemi tərəfindən tətbiq edilməyə başlayıb. Bugünkü kimi, xarici təhdid olanda, rejim ilə rejimin fars müxalifləri arasında bir həmrəylik yaranır. Birləşirlər.
Onun söylədiklərinə görə, hakimiyyət daxili qeyri-fars müxaliflərə basqıları artıraraq onlara “göz dağı” verir.
“Yol Press nəşri ali təhlükəsizlik şurası tərəfindən qapadılıb. Siyasi və mədəni fəalların mühakiməsində hər zaman siyasət qurumu müdaxilə edib. Bu sadəcə qeyri-farslar üçün deyil, farslar üçün də belə olub. Amma bugün məhkəmə işinə müdaxilə edən siyasət qurumu belə ayrı-seçkilik etməkdədir,” Abbasi söyləyir.
O, əlavə edir, “bu gün rejim mümkün bir sıxışmanı nəzərə alırsa, özünü qarantiyaya almaq üçün fars millətçilərini də sıxışdırırmı? İrqçiləri də ağır həbslərə məhkum edirmi? Məsələn bozqurt işarəsi tutan bir gəncə həbs cəzası verən hakimiyyət, pan-İranistlərin simvol salamını verənlərə də 13 il həbs verirmi?.. Tam əksinə, onlara daha çox meydan verir.”
Avşar Abbasinin sözlərinə görə, “fars millətçilərinin istəkləri və təklifləri artıq məhkəmə sistemi tərəfindən tətbiq edilməyə başlayıb. Bugünkü kimi xarici təhdid olanda, rejim ilə rejimin fars müxalifləri arasında bir həmrəylik yaranır. Birləşirlər. Ancq yad gördükləri fars olmayan etnik qruplara basqıları daha çox artırırlar və daha ağır həbslərə məruz qoyurlar. Bunu hakimiyyətin xaricində olan müxalif kimi tanınan fars millətçilərinin istəyi əsasında edirlər.”
Türk fəal bu xüsusda islahatçı qrupların tanınmış fiqurlarından olan Səid Həccariyan və Mustafa Taczadənin açıqlamalarına diqqət çəkir:
“Reformistlərin beyni olaraq tanınan Səid Həccariyan İranın parçalanma təhlükəsini önə çəkərək fars millətçiləri ilə nizamın həmrəylik içində olmalarını istəyir. Bir də hakimiyyətə mesaj verir ki, gələcək seçkilərdə bunları diskvalifikasiya etməyin, çünki bunlara ehtiyacımız vardır. Digər tərəfdən, Mustafa Taczasə fars millətçilərinə qarşı olan qeyri-fars siyasətçilərinin diskvalifikasiya edilməsini istəyir.”
Avşar Abbasi əlavə edir, “bu gün bu bir-biri ilə uyğun olmayan qrupların ittifaqa ehtiyacları vardır. O ehtiyac əsasında elə düşünürlər ki, aryaçılıq və farsçılıq ipi ətrafında birləşmələri bunları xarici təhdidlərdən qoruya bilər.”