Avropa İttifaqı Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsinə İranın hərbi dəstəyini nəzərə alaraq bu ölkənin hərbi dron sənayesini hədəf alan sanksiyalar tətbiq edib.
Aİ xarici işlər nazirlərinin cümə axşamı baş tutan iclasında qəbul edilən sanksiya paketi pilotsuz təyyarələrin istehsalında istifadə olunan komponentlərin Avropa İttifaqından İrana ixracını qadağan edir. Aİ həmçinin İranda pilotsuz təyyarələrin istehsalında və Rusiyaya çatdırılmasında iştirak edən daha altı şəxsi sanksiya siyahısına əlavə edib.
Sanksiya qərarı Rusiya silahlı qüvvələrinin həftə ərzində Ukrayna şəhərlərinə raket və İran istehsalı olan Şahid pilotsuz təyyarələri ilə hava zərbələri endirməsindən sonraya təsadüf edir.
SEE ALSO: Rusiya Kyiv və Odessaya hücum edibAvropa İttifaqı “Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini pozan və ya təhdid edən addımlarına” görə İrana qarşı daha əvvəl üç müxtəlif sanksiya paketi qəbul edib. Sanksiya edilən şəxslərin aktivləri dondurulur, Aİ vətəndaşlarına və şirkətlərinə onlara vəsait ayırmaq qadağan edilir. Fiziki şəxslərə əlavə olaraq səyahət qadağası tətbiq edilir ki, bu da onların Avropa İttifaqı ərazilərinə daxil olmasına və ya tranzit keçidinə mane olur.
İranda pilotsuz təyyarələrin istehsalı və Rusiyaya satışı ilə məşğul olan qurumlar və məsul şəxslər daha əvvəl ABŞ tərəfindən də sanksiya edilib.
Avropa İttifaqının xarici işlər nazirləri həmçinin Rusiyaya qarşı sanksiyaların müddətini 31 yanvar 2024-cü ilədək uzadılmasına qərar veriblər. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra tətbiq edilən sanksiya rejimi 2022-ci ilin fevralından sonra daha da genişləndirilib.