Ukraynanın cənubundakı rəsmilər cümə axşamı bildiriblər ki, Rusiya bir gecədə liman şəhəri Mikolayevə hava zərbəsi endirib, ən azı 19 nəfər yaralanıb.
Vilayətin qubernatoru Vitali Kim Telegram-da hava hücumunun şəhərin mərkəzinə endirildiyini və yaralılar arasında 5 uşağın olduğunu bildirib. Kim əlavə edib ki, dağıntılar altından iki nəfər xilas edilib.
Mikolayevin meri Oleksandr Snkeviç bildirib ki, ən azı beş hündürmərtəbəli binaya, eləcə də bir sıra qarajlara ziyan dəyib.
Odessada rəsmilər cümə axşamı Rusiyanın endirdiyi zərbə nəticəsində ən azı bir nəfərin öldüyünü bildirib.
Rusiya bu həftə dəfələrlə Odessa və Mikolayevi hava hücumları ilə hədəfə alıb.
"Rusiya terrorçuları ölkəmizin həyatını məhv etmək cəhdlərini davam etdirirlər" – deyə, Ukrayna prezidenti Volodimir Zelenski Telegram-da bildirib.
Bu arada Krımda Rusiya tərəfindən təyin edilmiş rəsmilər bildiriblər ki, Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində bir nəfər ölüb, yarımadanın şimal-qərb hissəsində bir çox inzibati binaya ziyan dəyib.
Rusiya Krımı 2014-cü ildə işğal edib və beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bir addımla ilhaq edib.
Bu arada Rusiya Müdafiə Nazirliyi Ukrayna taxılını daşıyan gəmilərin Qara dənizdən keçməsinə icazə verən razılaşmanı ləğv etdikdən iki gün sonra Ukrayna limanlarına gedən gəmilərə yeni təhlükəsizlik xəbərdarlığı edib.
Telegram mesajlaşma proqramında yayımlanan bəyanatda deyilir ki, iyulun 20-də Moskva vaxtı ilə gecə yarısından başlayaraq "Qara dənizin sularında Ukrayna limanlarına üzən bütün gəmilər potensial hərbi yük daşıyıcıları kimi qəbul ediləcək".
O əlavə edib ki, "Belə gəmilərin olduğu ölkələr Ukrayna münaqişəsində Kyiv rejiminin tərəfində iştirak etmiş sayılır".
Bəyanatda deyilir ki, Qara dənizdəki bir sıra ərazilər "naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib" və Rusiya "dənizçilərə təhlükəsizlik zəmanətlərinin geri götürülməsi ilə bağlı xəbərdarlıq edib".
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hoc çərşənbə günü verdiyi açıqlamada ABŞ-ın Rusiyanın Ukrayna limanlarına gedən ərazilərə əlavə dəniz minaları yerləşdirdiyinə dair məlumatlara malik olduğunu bildirib.
"Biz inanırıq ki, bu, Qara dənizdə mülki gəmilərə qarşı hər hansı hücuma haqq qazandırmaq və bu hücumlara görə Ukraynanı günahlandırmaq üçün koordinasiya edilmiş səydir" – deyə, Hoc qeyd edib.
ABŞ-ın NATO-dakı keçmiş səfiri Kurt Volker Amerikanın Səsinə bildirib ki, Rusiyanın Qara dənizdəki beynəlxalq sularda fəaliyyət göstərən "üçüncü tərəfin gəmilərini təhdid etmək hüququ yoxdur".