Ərdəbil prokurorunun bildirdiyinə görə, Məhərrəm ayının gəlməsi ilə birlikdə sosial sağlamlığı təmin etmək və sosial normaların pozulmasını önləmək məqsədilə patrul dəstələri gücləndirilərək vilayətin bütün bölgələrində fəal olacaqlar.
Rəsmi dövlət agentliyi İRNA-ya istinadən, Ərdəbilin yeni ümumi və inqilab prokuroru Cəlal Afaqi bu sözləri iyulun 20-də Bəsic qərargahının təşkil etdiyi Hicab və İffət mövzulu iclasda dilə gətirib.
"Sözlü xəbərdalıq patrulları hicab qaydaları və sosial norma pozuntularına qarşı mücadilə etmək məqsədilə gücləndiriləcək," prokuror söyləyib.
Afaqi həmçinin deyib ki, "hicab İran İslam Respublikasının namusu və qırmızı xəttidir. Yarım hicab və hicabsızlıq qanun pozuntusudur və normaları pozanlar sözlü xəbərdalığı qəbul etmədikləri təqdirdə qanuna uyğun olaraq cəzalandırılacaqlar."
SEE ALSO: Prokuror: Qəzvində 'hicab və iffət qanunu' ilə əlaqədar 173 nəfərə qarşı məhkəmə işi açılıbSon aylarda İslam Respublikası şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökümət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicab və digər qaydalara riayət edilmədiyi iddiası ilə möhürləyir. İran polisi kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir. Hökümət həmçinin vətəndaşlardan "yaxşı əmələ təşviq və pis əməldən çəkindirmə" üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.