Azərbaycan İraq Kürdüstanı ilə əlaqələri genişləndirmək niyyətindədir

Azərbaycan Prezidenti İlham Əliyev və İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani (Foto: Azərbaycan Prezident Administrasiyası)

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycanda işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.

Azərbaycan prezident administrasiyasının məlumatına görə, söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münhendə keçirilən görüş xatırlanıb. Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub.

Məlumatda qeyd edilir ki, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığın dinamikasının artması işinə töhfə verəcəyi bildirilib.

Görüşdə İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Siyasi tədqiqatçı Fuad Şahbazov Amerikanın Səsinə İraq Kürdüstanın Regionun başçısının Azərbaycana səfərini şərh edərək bildirib ki, Azərbaycan İraq Kürdüstanın Regionun paytaxtı Ərbil şəhərində Baş Konsulluq açmaqda maraqlıdır.

"Bu bir növ Neçirvan Bərzani ilə söhbətin əsas mövzusu olacaq. Baş Konsulluğun açılması ilə bağlı detallar müzakirə ediləcək. Eyni zamanda Azərbaycanın İraq Kürdüstanı arasında yaratdığı münasibət təbii ki, Türkiyənin razılğı çərçivəsində həyata keçirmək labüd olar.

Düşünürəm ki, baş konsulluq açıldıqdan sonra İraq Kürdüstanı ilə Azərbaycan arasında müəyyən infrasturktur layihələri və yaxud daha çox turizm sahəsinə aid ortaq layihələr həyata keçirilə bilər. Neçirvan Bərzaninin bugünki səfəri məhz əsas fokuslandığı əsas məsələlər bu mövzular ola bilər" - deyə, o qeyd edib.