İsrailin müdafiə naziri: Azərbaycanla müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə töhfə verir

İsrailin müdafiə naziri Yoav Qallant Bakı bulvarında. (foto : İsrailin müdafiə nazirinin Twitter hesabından götürülüb)

“Azərbaycanla müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir”.

Bu barədə İsrailin müdafiə naziri Yoav Qallant Twitter hesabında yazıb.

O qeyd edib ki, Azərbaycana səfər çərçivəsində bir sıra sahələrdə əməkdaşlıq etməklə yanaşı, güclü əlaqələri və möhkəm dostluğu daha da dərinləşdirmək istiqamətində razılıq əldə olunub.

"Azərbaycana məhsuldar səfərimi yenicə başa vurdum. Burada Azərbaycan Prezidenti İlham Əliyev, həmkarım, nazir general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşlər keçirdim. Biz müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", nazir Qallant qeyd edib.

Öz növbəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik (George Deek )Twitter hesabında Azərbaycanla İsrail arasındakı münasibətlərin uzun müddət davam edəcəyini bildirib.

“Azərbaycanla tərəfdaşlığımız uzunmüddətlidir”, o qeyd edib.

Azərbaycanın İranla əlaqələrin gərginləşməsi fonunda İsrail və Azərbaycan arasında münasibətlər yeni müstəviyə qədəm qoyub.

İki ölkə arasında əsas prioritet hərbi-texniki, hərbi sənaye sahəsində əməkdaşlıq olsa da, digər sahələri də əhatə edir. O cümlədən terrorizmlə mübarizədə İsrail Azərbaycana dəstək olacağını qeyd edib.

Bu ilin mart ayında Azərbaycan İsraildə səfirliyini açıb. İsrailin prezidenti və xarici işlər naziri may ayında Azərbaycana rəsmi səfər edib.

İran rəsmisi Azərbaycan-İran münasibətlərinin gərgin olmasında İsraili günahlandırıb.

O, İsrail prezidentini İranla Azərbaycan arasında münasibətləri pozmaq cəhdində ittiham edib.

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Amerikanın Səsinə deyib ki, iki dövlət arasında əməkdaşlıq çox sürətlə inkişaf edir.

“Azərbaycan xalqı İsrailin Qarabağ müharibəsi zamanı verdiyi dəstəyi unutmur və çox yüksək qiymətləndirir. Mən əminəm ki, Azərbaycan Silahlı Qüvvələrindəki islahatlarda Türkiyə ilə yanaşı İsrail də öz dəstəyini davam etdirəcək. Bizim İsraillə əməkdaşlığımız yeni texnologiyalar, hərbi sənaye, informasiya texnologiyaları sahəsində sürətlə inkişaf edəcək" o qeyd edib.

Asim Mollazadə deyib ki, Azərbaycan-İsrail əlaqələri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

“Bunlar Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün çox ciddi addımlardır”.

Azərbaycanın İsrail ilə hərbi-texnili əməkdaşlığı çərçivəsində alınan hərbi texnikaların, silah və sursatların rəsmi statistikası aparılmır. Bununla yanaşı, Prezident İlham Əliyev hələ 2016-cı ilin sentyabrında İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşüdndə bildirib ki, iki ölkə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir.

“Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”, o qeyd edib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Sipri) məlumatına görə, 2016-2020-ci illərdə Azərbaycanın əsas silah idxalının 69 faizi İsrailin payına düşüb. Eyni dövrdə İsrailin əsas silah ixracatının 17 faizi Azərbaycana göndərilib.