Azərbaycandan Macarıstana qaz təchizatının ilin sonuna kimi başlanacağı gözlənilir

Azərbaycan Energetika naziri Pərviz Şahbazov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto (Foto: AEN )

Azərbaycandan Macarıstana qaz tədarükü ilin sonuna kimi başlayacaq.

Bu barədə Azərbaycan Energetika nazirliyinin məlumatına görə, Pərviz Şahbazov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüşdə bildirilib.

Nazirliyin rəsmi məlumatına görə, görüşdə Azərbaycandan Avropaya qaz tədarükünün artırılması üçün infrastrukturların inkişafı ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı Xəzər dənizində “yaşıl enerji”nin istehsalı, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsi, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırması və digər zəruri tədbirlərlə bağlı geniş fikir mübadiləsi edilib.

O cümlədən Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əsasda enerji tərəfdaşlığının inkişafından, Enerji üzrə İşçi Qrupu çərçivəsində bütün istiqamətləri əhatə edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Təbii qaz və “yaşıl enerji”nin tədarükü üzrə fikir mübadiləsi aparılıb.

“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq Sazişi, “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR” ilə “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə”nin icra vəziyyəti nəzərdən keçirilib” məlumatda deyilir.

Xatırlatma

Ekspertlər qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artıb. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artıb.

Macarıstanın MVM CEEEnergy və Azərbaycanın SOCAR şirkətləri arasında iyunun 2-də imzalanmış müqaviləyə əsasən Azərbaycan 2023-cü ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük edəcək.

Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Facebook hesabında yazıb.

“Macarıstanın enerji təchizatının təhlükəsizliyi artıb. Etibarlılığı təmin etmək üçün mümkün qədər yeni mənbələr cəlb edilməlidir. Qafqazdan bizə ildə 2 milyard kubmetrə qədər qaz daxil olacaq. Bu uzunmüddətli müqavilə üçün əsas ola bilər”, Siyarto bildirib.

Bu il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu” imzalanıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bidlirib ki, anlaşma memorandumu Azərbaycan və daha 5 ölkə arasında Azərbaycanın əlavə qaz həcmlərinin Avropaya ixracı məqsədi ilə İnfrastrukturun genişləndirlməsini nəzərdə tutur.

“Bu ölkələr sırasında Türkiyə, Bolqarıstan, Rimıniya, Macarıstan və Slovakiya olacaq. Bundan nəticə çıxarmaq olar ki, Azərbaycanın genişləndirilmiş qazı Avropanın cənubuna, Balkanlara deyil, Şərqi və Mərkəzi Avropa ölkələrinə ixrac ediləcək”, o qeyd edib.

Ekspert bildirib ki, ötən il imzalanmış memoranduma uyğun olaraq qaz ixraçı 10 milyard kubmetr artırılaraq ildə 20 milyard kubmetrədək çatdırılacaq.