Azərbaycan parlamentinin keçmiş deputatı həbs edilib

Your browser doesn’t support HTML5

Nərimanov rayon məhkəməsi Azərbaycan parlamentinin keçmiş deputatı, ictimai fəal Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu barədə Amerkanın Səsinə onun vəkili Aqil Layıc bildirib.

Onun sözləriə görə, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində keçmiş deputata Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəkil birinci instansiya məhkəməsindən apellyasiya şikayəti verəcəyini bildirib.

Aqil Layıc

Öz növbəsində hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə deyir ki, keçmiş deputat, ictimai fəal Nazim Bəydəmirlinin həbsi siyasi xarakterlidir.

"Əslində Nazim bəyin həbs ediləcəyi ilə bağlı bizdə narahatçılıq var idi. Bir neçə gün öncə hakimiyyətin nəzarətində olan media qurumları Nazim Bəydəmirli barəsində şərləmə kampaniyasına start vermişdilər. Onu Gədəbəy rayonu Söyüdlü kəndində baş verənlərə bağlamaq istəyirdilər", o qeyd edib.

O hesab edir ki, keçmiş deputata qarşı irəli sürülmüş ittiham saxtadır.

"Hesab edirəm ki, bu Nazim Bəydəmirlinin ictimai siyasi və iqtisadi fəaliyyəti ilə bağlıdır. Şübhəsiz ki, "Müdafiə Xətti" İnsan haqları təşkilatı olaraq Nazim bəyin məruz qaldığı qurama ittihamı pisləyirik", hüquq müdafiəçisi əlavə edib

Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Vəkil Aqil Layıc Facebook səhifəsində yazıb: “Bəyədmirlini Banditizmdə (Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi) Gədəbəy hadisələrinə görə şübhəli şəxs qismində saxlayırlar… özü indi zəng edərək məlumat verdi…”.

Nazim Bəydəmirlinin özü isə 8 saat öncə öz Facebook səhifəsində yazıb ki, "gəlmişəm el arasında "banditizm" deyilən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ki, "ədaləti" (həm hərfi, həm də məcazi mənada) tapım...burada tapmasam, elə birbaşa gələcəm Daxili İşlər Nazirliyninin əsas binasında axtarmağa...".

Nazim Bəydəmirlinin telefonuna zəng çatsa da cavab verən yoxdur. Onun Facebook səhifəsi bir qədər əvvəl fəal olub. Lakin o, sorğulara cavab vermir.

Nərimanov rayon Məhkəməsi

Bununla yanaşı, vəkil Aqil Layıc da telefonuna və sorğulara cavab vermir.

Nazim Bəydəmirlinin saxlanılması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: “Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”.

Qurumdan qeyd olunub ki, hazırda Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir.