İranda hicab və digər şəriət qaydalarına riayət edilmədiyi iddiası ilə iş yerləri və ticarət yerlərinin qapadılması fonunda iyulun 3-də Ərdəbildə bir restoran möhürlənib və bir neçə vətəndaş həbs edilib.
Yarı-rəsmi Mehr agentliyi Ərdəbilin yeni ümumi və inqilab prokuroru Cəlal Afaqinin bu barədə məlumat verdiyini bildirib.
"Cəlal Afaqi bazar ertəsi günü axşam saatlarında yolkənarı ümumi məkanlar və restoranların təftişi zamanı Ərdəbil yaxınlığında bir restoranın əxlaq qaydalarının pozulması səbəbilə möhürləndiyi və bir neçə nəfərin həbs edildiyini açıqladı," agentliyin xəbərində qeyd edilib.
Prokuror restoranlar və kafelər başda olmaqla, ümumi məkanlara nəzarətin gücləndirildiyini söyləyib. O, deyib ki, "qaydasızlıqlara qarşı mücadilə və əxlaq təhlükəsizliyini gücləndirmək istiqamətində Ərdəbil restoranları davamlı və görünməz bir şəkildə təftiş edilir."
SEE ALSO: Ərdəbil vilayətində hicabla bağlı münaqişə yaşanıb, 5 vətəndaş saxlanılıbAfaqi ümumi məkanlarda "dini dəyərlər və vətədaşlıq hüquqlarına" riayətin zəruri olduğunu vurğulayaraq əlavə edib ki, "əhalinin ruhi-zehni təhlükəsizliyi məhkəmə sisteminin qırmızı xəttidir və bunu təmin etmək yönündə heç bir güzəştə gedilməyəcək."
Son vaxtlar İslam Respublikası şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökümət fərqli vilayətlərdə bir çox iş yeri və ticarət obyektini hicab və şəriət qaydalarına riayət edilmədiyi iddiası ilə möhürləyir.