İran höküməti "islami qaydalara riayət etməmək" iddiası ilə iş yerləri və ticarət obyektlərini möhürləməkdə davam edir. Qəzvin vilayəti bu yöndə qoyulan qadağaların ən sərt şəkildə tətbiq edildiyi vilayətlərdən biridir.
Rəsmi dövlət agentliyi İRNA-aya istinadən, Qəzvin yaxınlığında ziyafət zalınının yerləşdiyi bir bağ qadın-kişilərin birgə iştirak etdiyi qonaqlıq keçirilməsi səbəbilə möhürlənib.
"İran İslam Respublikasının hüquq-mühafizə komandanlığının kəşfiyyat qüvvələri ədliyyə rəsmilərinin əmri ilə Qəzvində qarışıq qonaqlıq təşkil edən bir ziyafət bağını möhürləyiblər," agentlik bildirib.
Qəzvin ədliyyəsinin bu xüsusda yaydığı bəyanatda qeyd edilib ki, "fərdlər və ticarət obyektləri əhalinin təhlükəsizliyi və ruhi-zehni rahatlığına, eləcə də şəriət və qanun sərhədlərinə hörmət etməlidirlər. Qanunlar və müqəddəs şəriət qaydalarına riayət etməyənlərə qarşı ən sərt ölçülər götürüləcək."
SEE ALSO: Ərdəbil vilayətində hicabla bağlı münaqişə yaşanıb, 5 vətəndaş saxlanılıbSon vaxtlar İslam Respublikası şəriət qaydalarının tətbiqi və qadınların geyiminə nəzarəti gücləndirmək üçün yeni layihələr həyata keçirməyə başlayıb. Hökümət fərqli vilayətlərdə bəzi iş yerləri və ticarət obyektlərini hicab və şəriət qaydalarına riayət edilmədiyi iddiası ilə möhürləyir. İran polisi şəhərlərin fərqli nöqtələrində yerləşdirilmiş kameralar vasitəsilə avtomobillərdə hicaba riayət etməyən qadın sərnişinləri müəyyən edərək onlara SMS xəbərdarlıq göndərir. Hökümət həmçinin vətəndaşlardan "yaxşılığa əmr etmə və pisliklərdən çəkindirmə" üzrə öz dini vəzifələrinə uyğun olaraq hicab qaydalarına riayət etməyən qadınlara sözlü xəbərdarlıq etmələrini tələb edir.