Təbrizdə siyasi fəal Məhəmməd Yavəri saxlanılıb, digər fəal Armita Pavir isə sorğu-sual edildikdən sonra sərbəst buraxılıb

Məhəmməd Yavəri və Armita Pavir

Təbrizdə siyasi fəal Məhəmməd Yavərinin İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alındığı bildirilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi və Araz News saytının məlumatına görə, məmurlar türk fəalını iyun ayının 27-də Təbrizin Münəccim küçəsində saxlayıblar.

Araz News-un bildirdiyinə görə, Məhəmməd Yavəri keçmiş illərdə də göstərdiyi mədəni fəaliyyətlər səbəbilə həbs və mühakiməyə məruz qalıb.

Çərşənbə günü Təbrizdə saxlanılan tələbə fəal Armita Pavirin isə sorğu-sual edildikdən sonra sərbəst buraxıldığına dair məlumat yayılıb.

İran tələbələr birliyi şuralarının Telegram kanalının yaydığı xəbər görə, Pavirdən daha sonra yenidən təhlükəsizlik qurumuna müraciət etməsi tələb edilib.

SEE ALSO: Təbrizdə tələbə fəal həbs edilib

Azərbaycan Şəhid Mədəni Universitetinin tələbəsi olan Pavir 2022-ci ilin sentyabr ayında İranda baş qaldıran və aylarla davam edən hökümət əleyhinə etirazlar fonunda həmin ilin oktyabr ayında universitetin önündə həbs edilmişdi. O, təqribən 40 gün nəzarətdə saxlanıldıqdan sonra 250 milyon tümənlik mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı.