Blinken: Dialoq davamlı sülhün açarıdır

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Mirzoyan Bayramov Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların açılışında çıxış edir, 27 iyun, 2023.

ABŞ dövlət katibi Antoni Blinken Birləşmiş Ştatların davamlı sülh razılaşmasının əldə olunması üçün Azərbaycan və Ermənistanın birgə fəaliyyətini dəstəklədiyini bildirib. Dövlət katibi Blinken iyunun 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqlarının növbəti raundunun açılışında iştirak etdikdən sonra bu haqda açıqlama verib.

“Bu həftə Milli Xarici Əlaqələr Tədris Mərkəzində xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov ilə sülh danışıqları aparılır. Biz uzunmüddətli və layiqli razılığın əldə olunması üçün Ermənistan və Azərbaycanın birgə fəaliyyətini dəstəkləyirik. Dialoq davamlı sülhün açarıdır,” Blinken Twitter səhifəsində yazıb.

İyunun 27-də Birləşmiş Ştatların dəstəyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti raundu başlayıb. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ikitərəfli danışıqların açılışından öncə onlarla təkbətək görüşlər keçirib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller gündəlik brifinq zamanı tərəflər arasında danışıqların iyunun 29-na qədər davam edəcəyini bildirib. O, ABŞ-ın sülhün əlçatan olduğuna inanmağa davam etdiyini deyib.

“Birləşmiş Ştatlar Cənubi Qafqaz regionunun sülhsevər gələcəyi istiqamətində fəaliyyətlərini davam etdirdikləri zaman bu həftə danışıqlar prosesini irəli aparmaq üçün Ermənistanın xarici işlər naziri Mirzoyan və Azərbaycanın xarici işlər naziri Bayramovu qəbul etməkdən məmnundur,” Metyu Miller iyunun 27-də danışıqların ilk günündə bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar Virciniya ştatında, Arlinqtonda Dövlət Departamentinin Diplomatik Xidmət İnstitutunun Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində keçirilir.

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında ABŞ-ın dəstəyi ilə ikitərəfli danışıqların ilk raundu mayın 1-dən 4-dək keçirilib. Dövlət katibi Blinken dörd gün davam edən danışıqların sonunda tərəflərin mürəkkəb məsələləri müzakirə etdiyini və “nəzərəçarpacaq irəliləyiş”ə nail olduqlarını bildirib.