Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbiri daha bir ay uzadılıb

Bəxtiyar Hacıyev (Arxiv foto. Mənbə: VOA)

İyunun 22-də Bakının Xətai rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında insan hüquqları fəalı Bəxtiyar Hacıyev barəsində həbs-qətimkan tədbirini daha bir ay, iyulun 28-dək uzadıb. İstintaq orqanı vəsatətini Hacıyevə qarşı yeni ttihamların irəli sürülməsi ilə izah edib.

Vəkil Rövşanə Rəhimli Amerikanın Səsinə deyib ki, Hacıyev ona qarşı irəli sürülən ittihamları qondarma və sifarişli adlandırıb.

"Onun saxlanma şəriati ilə bağlı şikayəti yoxdur, amma cəzaçəkmə müəssisəsindən yazılarını, şikayətlərini ünvanına göndərə bilmədiyini məhkəmənin diqqətinə çatdırdı", Rəhimli qeyd edib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192 (Qanunsuz sahibkarlıq), 193 (Yalançı sahibkarlıq), 320.1 (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1 (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

"Yeni ittihamlar QHT işlərində olan ittihamlardır. Guya Bəxtiyar Hacıyev qrantlar alıb və təyinatı üzrə xərcləməyib. Bəxtiyar Hacıyev ittihamları qəbul etmir. O bildirdi ki, ittihamlar onun ictimai və hüquq müdafiəçisi fəaliyyəti ilə bağlıdır. Bu ittihamlar təqibin əsas mahiyyətini göstərir", vəkil qeyd edib.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.