İyunun 22-də Amerikanın Səsi ilə əməkdaşlıq edən müstəqil jurnalist Nigar Mübariz və Abzas saytının müxbiri Nərgiz Absalamova Gədəbəy rayonunun Söyüdlü kəndində çəkiliş apardıqları zaman polis tərəfindən təzyiqə məruz qalıb.
Nigar Mübariz və Nərgiz Absalamova Söyüdlü kəndində çəkiliş apararkən polis əməkdaşları tərəfindən saxlanılıb, onların mobil telefonları əllərindən alınıb. Jurnalistlər telefonlarının qaytarılmasını və polisin hərəkətindən şikayət edəcəyini bildirərkən digər mülki geyimli şəxs əlləri ilə Nigar Mübarizin ağzını qapayıb.
"Bizi orada saxladılar və bizə dedilər ki, siz icazəsiz girmisiniz kəndə. Halbuki burada qanuna-zidd bir şey yoxdur, ora barrikadaya alınmamalı idi və jurnalistləri içəri buraxmalı idilər. Bizi əsas yolla buraxmadılar deyə, biz alternativ yolla kəndə daxil olduq" - deyə, Abzas saytının müxbiri Nərgiz Absalamova bildirib.
Absalamova polis əməkdaşlarının ona qarşı rəftarını belə təsvir edib:
"Polislər bizi görən kimi bizi saxladılar və bizə qarşı zorakılıq etdilər. Telefonumu götürüb redaktoruma xəbər etmək istəyirdim, polis bunu görüb tez cumub telefonu əlimdən aldı və bunu çox kobud şəkildə etdi. Sonra da üstümə qışqırdı ki, telefonu istifadə etsən, aparacam bölməyə. Mən başa düşə bilmirəm ki, necə olur ki, Real TV-nin jurnalisti jurnalist hesab edilir və içəri alınır, amma insanların dediyi hər şeyi olduğu kimi paylaşan, onların dərdlərini ictimailəşdirən bir jurnalist olaraq mən içəri alınmıram? Niyə mənim hərəkət azadlığım məhdudlaşdırılır. Niyə mənim qolum sıxılmalıdır? Niyə mən itələnməli idim? Müstəqil jurnalistə qarşı belə şeylər niyə olmalıdr?"
Amerikanın Səsi ilə əməkdaşlıq edən müstəqil jurnalist Nigar Mübariz də polis əməkdaşlarının və mülki geyimlilərin onlarla kobud davrandığını bildirdi:
"Çəkilişləri bitirib, Söyüdlüdən çıxanda mən telefonla danışırdım. O anda gəldilər və kobudcasına telefonu əlimdən aldılar. Bir mülki geyimli və bir polis formalı. Ondan sonra yarım saat telefonu mənə vermədilər. Məni ermənilərə işləməkdə ittiham etdilər. Mənim köməyimə gələn yerli sakinlərə isə bizi göstərib "siz bunlara görə bu gündəsiniz," dedilər."
Polis əməkdaşları bir saatadək jurnalistlərin hərəkətini məhdudlaşdırıb və sonra mülki geyimli şəxsin avtomobilinə mindirərək onları müşayiət edərək rayon ərazisindən çıxarıblar.
"Bu müddət ərzində polkovnik rütbəli polis bizə qarşı xüsusi kobudluq edirdi. Telefonumu qaytarmırdı. Mən telefonumu istəyəndə mülki geyimli şəxs mənim ağzımdan tutdu. Sonra bizi maşına oturzudub, sanki cinayətkarlar yaxalayıb aparırlarmış kimi apardılar" - deyə, Nigar Mübariz bildirib.