Son vaxtlar farsdilli sosial mediada bir çox istifadəçinin Təbrizlə bağlı paylaşdıqları xoşagəlməz və mənfi sözlər mübahisə mövzusu olub. Bəzi istifadəçilər Təbrizə getdiklərin zaman hər kəsin türkcə danışmasından və yerli sakinlərin onlarla farsca danışmamasından şikayət edirlər.
Your browser doesn’t support HTML5
Zəncanda yaşayan mədəni fəal Ruzbeh Səadəti Amerikanın Səsi ilə söhbətdə deyir ki, Tehran mərkəzdəki toplumun kimliyini, dilini və hətta qayğılar və arzularını İranın digər bölgələrinə də köçürmək istəyir, ancaq Təbriz buna müqavimət göstərir.
Təbrizlə bağlı mənfi paylaşımlar keçən həftələrdə 35 saniyəlik bir videonun Twitter və Instagram kimi sosial şəbəkələrdə yayılmasından sonra artmağa başlayıb. Son illərin trendi olan amerikalı rejissor Ves Anderson tərzinə uyğun çəkilən qısa video sosial şəbəkələrdə "Təbrizdə bir cümə səhəri" başlığı ilə paylaşılıb.
"Bu dəfə bir video ilə başladı. Anderson adında bir rejissoru təqlid edən bir video. O, video Təbriz haqqında idi, ancaq elə də Təbrizi göstərmirdi... Bu videonun əsas məsələsi budur ki, orada Təbriz bir az gözəl görünür. Nə zaman ki, Azərbaycan və Təbriz ya Türklük gözəl şeylər ilə, modern və şık elementlər ilə birləşdirilir, buna təpki göstərirlər. O videodan sonra bəzi etirazlar başladı, hücum etdilər. Bir kəsim başladı xatirələr yazmağa. Yazdılar ki, Təbrizdə bizimlə belə davrandılar. Bir kəsim də türkləri hədəf aldı," Ruzbeh Səadəti söyləyir.
Səadəti həmin videonun Təbriz haqqında mənfi görüşlərin yenidən paylaşılmasına bir bəhanə olduğunu önə çəkir:
"Bu video bir bəhanə idi ki, keçən aylarda olan mənfi görüşlərin hamısı onun altına yığışdı. Öncələr də Təbrizə qarşı belə təpkilər var idi. Ümumilikdə qeyri-türk bölgələrdə Təbrizə qarşı belə bir baxış vardır. Bunun birazı da təşkil olunur. Yəni, bu baxışın bir hissəsi media və hakimiyyət tərəfindən təşkil olunur."
Ruzbeh Səadətinin fikrincə, Təbrizlə bağlı bəzi fərdi davranışlar planlı bir şəkildə ümumiləşdirilir və bütün Təbriz sakinlərinin xüsusiyyəti kimi göstərilir.
Onun sözlərinə görə, "elə türk şəhərlərində də Təbrizə bu baxış ola bilər. Bu baxış eyniyyət (obyektivlik) əsasında yaranmış bir şey deyil, ümumilikdə təbliğat əsasında yaranıb. Əlbəttə, bəzi davranışlar və rəftarlar Təbrizdə var ki, ayrı yerlərdə də var. Amma, bu məsələ heç zaman İranın başqa yerlərində ümumiləşdirilmir. İranın heç yerində bir şəxsi rəftar və bir şəxsi təcrübəni şəhərin tamamına ümumiləşdirmirlər. Bunu sadəcə Təbriz üçün və ümumilikdə Azərbaycan üçün edirlər. Təbrizi də bütün türklər ilə ümumiləşdirirlər. Məsələn biri Yəzd şəhərinə gedib pis bir təcrübə yaşasa bunu heç zaman bütün Yəzdlilərə bağlamır. Bu ümumiləşdirmə məsələsi sadəcə Təbrizə qarşı var."
SEE ALSO: Musa Aşüftə: İranda dövlət türklərin müştərək siyasi və coğrafi kimliyə sahib olmasını istəmirBəzi sosial media istifadəçiləri Təbrizdə insanların onlarla farsca danışmadığını, hətta yerli sakinlərdən adres soruşduqlarında əhalinin onlara ancaq türk dilində cavab verdiyini irəli sürürlər.
Səadəti Təbriz sakinlərinin türkcə danışmaqda israrlı olduqlarını, ancaq bu xüsusda bəzi iddiaların şişirtmə olduğunu deyir:
"Təbrizdə türkcə danışmaqda israr var, amma bu həddə ümumiləşdirmək olmaz. Mən bu adres verməməklə bağlı yazılanlara inanmıram. Çünki, bu son illərdə o qədər tətbiq gəlib ki, insanlar ümumiyyətlə heç adres soruşmur. Soruşsalar da, Təbrizdə mütləq biri tapılacaq ki, farsca cavab versin. Amma doğrudur, bu rəftar Təbrizdə var. Başqa yerlərdə də var. Məsələ budur ki, heç kəs bunu araşdırmayıb ki, məsələn Muğanda hamı farsca adres verir, ancaq Təbrizdə heç kəs vermir... Bu iddiaların əsas hədəfi Təbrizdir. Çünki, Təbriz türklər üçün bir qaladır. Yəni, Təbriz bizim kimliyimizin, türklüyün əsas səngəridir. Onların zehnində təsvir edilən Təbriz budur. Yəni, Təbriz transformasiya olunmur onların nəzərində."
SEE ALSO: Təbriz stadionunda minlərlə azarkeş "Türk Dilində Mədrəsə" şüarını səsləndiribRuzbeh Səadətinin sözlərinə görə, Tehran mərkəzin kimliyini, dilini və hətta qayğılar və arzularını digər bölgələrə də köçürmək istəyir, ancaq Təbriz buna müqavimət göstərir.
"Tehran, yəni mərkəz, hər zaman özünü kənarda yenidən inşa etmək istəyir. Kənar deyəndə, yəni İranın bütün qeyri-fars bölgələrində. Bu yenidən inşa məsələsi bütün sahələrdə var. Yəni, mərkəz həm dilini, həm kültürünü və hətta qayğılarını kənarda inşa etmək istəyir. Mərkəz deyəndə, həm dövləti nəzərdə tuturam, həm toplumu. Yəni mərkəzdə bir kəsim var ki, keçmişlərindən tutun gələcəyə qədər və hətta gələcəyə olan baxışlarını və arzularını və qayğılarını kənarda da görmək istəyirlər. Yəni, mərkəz gözləyir ki, məsələn Zahidanda yaşayan birinin qayğıları elə Tehrandakı orta sinifin qayğıları olsun. Amma, məsələ budur ki, bunu Təbrizdə edə bilmirlər. Ən azından istədikləri kimi edə bilmirlər," deyə, o, qeyd edir.
Ruzbeh Səadəti əlavə edir ki, "Təbrizdə həmişə mərkəzə qarşı bir müqavimət olub. Təbriz hər zaman siyasi mənada mərkəzin qarşısında bir ağırlıq sayılıb. Onlar Təbrizi özlərində əridə bilmirlər. Təbrizə olan təpkiləri ona görədir. Təbriz simvolik olaraq onların nəzərində fəth olunmur və buna görə də, Təbrizdə Tehranla, mərkəzlə fərqli gördükləri hər şeyə təpki göstərirlər."