İran Azərbaycanında bəzi ictimai fəallar və yerli siyasətçilər bölgənin inzibati ərazi quruluşunda dəyişikliklərin həyata keçirilməsindən narahat olduqlarını ifadə edirlər.
Qərbi Azərbaycan vilayətində yaşayan türk fəal və araşdırmaçı Musa Aşüftə Amerikanın Səsinə müsahibədə deyib ki, İrandakı hökümətlər son yüzildə "türklərin özlərini müştərək bir siyasi və coğrafi kimlik içərisində təqdim etmələrini əngəlləmək üçün Azərbaycanı fərqli vilayətlərə parçalayıblar".
Your browser doesn’t support HTML5
"Son iki ildə Qərbi Azərbaycanın güney bölümündə bir neçə bölgədə əcaib, ağla-məntiqə sığmayan və İran dövlətinin öz qayda və ənənələrinə də uyğun olmayan bir şəkildə yeni şəhristanlar yaranır. Rəsmi və qeyri-rəsmi məlumatlara baxanda bu dəyişikliklərin böyük bir planın parçası olduğunu və burada yeni bir ostan (vilayət) yaradılıb və onun Azərbaycan tərkibindən çıxarılmasının planlaşdırıldığını görürük," Musa Aşüftə bildirib.
Həm Pəhləvilər, həm də İslam Respublikası dönəmində İran Azərbaycanının bir çox şəhəri, o cümlədən Qəzvin, Həmədan, Zəncan və Ərdəbilə ətraf bölgələri ilə birlikdə ostan/vilayət statusu verilib. Vilayət olduqdan sonra "Azərbaycan" adı bunların üzərindən götürülüb.
SEE ALSO: Təbriz millət vəkili: Dövlət Təbrizi kiçiltmək istəyir və biz bunun nə demək olduğunu anlaya bilmirik"Biz İranda Azərbaycandan söhbət edəndə, iki Azərbaycandan danışa bilərik: biri, tarixi Azərbaycan, yəni 100 il öncəyə doğru. Biri də, günümüzdəki hüquqi və rəsmi Azərbaycan. Son yüzilin siyasətləri və planlı inzibati bölgü dəyişiklikləri nəticəsində böyük və tarixi Azərbaycanda indi sadəcə iki ostan Azərbaycan adını daşıyır: Qərbi və Şərqi Azərbaycan. Son bir neçə onillikdə bu planın Qərbi Azərbaycanda da həyata keçirilmək istənildiyini görə bilirik," Musa Aşüftə deyib.
Araşdırmaçı hesab edir ki, İran dövlət anlayışında "türklərin özlərini müştərək bir siyasi və coğrafi kimlik içərisində təqdim etməsi" əngəlləmək istənilir.
SEE ALSO: "'Azərbaycan' adı götürüldü, amma Ərdəbilə inkişaf gətirilmədi"Onun sözlərinə görə, "son yüzildə modern İran millət-dövləti qurulduqdan bəri, İran dövləti türklərin özlərini müştərək bir siyasi, coğrafi və idari kimlik içərisində təqdim etmələrini istəmir. Azərbaycan coğrafiyasında və hətta Azərbaycan coğrafiyasından daha böyük bir coğrafiyada yaşayan türkləri fərqli metodlar ilə bölməyə çalışırlar. Bu şəkildə elə Azərbaycanından 6-7 ostan və bir çox şəhər ayrılıb. Bunların bir qismi qonşuluqda olan fərqli kimliklərdə olan vilayətlərə verilib."
Aşüftə keçmiş illərdə də Qərbi Azərbaycan vilayətində yeni bir vilayətin yaradılmasına dair layihələrin gündəmə gəldiyini, lakin təpkilər nəticəsində gündəmdən çıxarıldığını ifadə edib.
SEE ALSO: Musa Aşüftə: Urmiyə gölü məsələsinin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidir
"İllərdir ki, dövlətin özəlliklə Qərbi Azərbaycan vilayətində bu niyyətini görürük. Dövlət Qərbi Azərbaycanın bir parçasını ayırıb ayrı bir ostan etmək və onu türk kimliyi çərçivəsindən, Azərbaycan çərçivəsindən çıxarmaq istəyir. Türk ictimaiyyətinin Təbrizdə, Urmiyədə, Ərdəbildə, Zəncanda, hər yerdə buna ciddi təpkisi və etirazı var. Bunlar hər zaman bu planı həyata keçirmək isəyiblər. İnsanlar da buna qarşı çıxıb. Bəzən millət vəkilləri belə səssizliklərini pozmağa məcbur olublar. Nəticədə dövlət bu plandan bir qədər geri oturub fəqət bir başqa mərhələdə fərqli-fərqli əsaslandırmalar ilə yenidən bu plana yanaşıblar" - deyə, Musa Aşüftə əlavə edib.