Accessibility links

Təbriz millət vəkili: Dövlət Təbrizi kiçiltmək istəyir və biz bunun nə demək olduğunu anlaya bilmirik


Əhməd Əlirza Beygi
Əhməd Əlirza Beygi

Təbriz millət vəkili və Şərqi Azərbaycanın sabiq valisi Əhməd Əlirza Beygi İran dövlətinin Təbrizi kiçiltməyi planlaşdırdığını ifadə edib. O, Daxili İşlər Nazirliyində Təbriz üçün "nahaq və alçaq" bir plan cızıldığını deyib.

Əlirza Beygi bu sözləri Təbrizə bağlı Basmınc şəhərinin şura üzvləri ilə keçirdiyi iclasda dilə gətirib. Təbrizdə fəaliyyət göstərən Nasr News saytı Əlirza Beyginin mövzu ilə bağlı danışığının videosunu yayıb.

Millət vəkilinin sözlərinə görə, Daxili İşlər Nazirliyində Təbrizi kiçiltməyə dair nasəvab (nahaq) bir plan var. Təbrizə bağlı bölgələrə şəhər və şəhristan statusu verərək Təbrizi kiçiltmək istəyirlər.

Əlirza Beygi Təbrizin özünə layiq, habelə tarixi və geosiyasi önəminə uyğun bir mövqeyə çatmasına əngəl törədildiyini qeyd edib.

"Təbriz deyir ki, mənim Məşrutə dönəmində verdiyim mücadilədən dolayı vəkil haqqım daha yüksəkdir. Çünki, mən Təbrizəm. Amma iki ildən sonra bizə deyəcəklər ki, nə Təbrizi? Sizin əhaliniz Xürrəmabad qədərdir. Niyə? Çünki, buranın inzibatı bölgüsü dəyişəcək".

O, Təbrizin təsir dairəsinin İran sərhədinə məhdud olmadığını, Qafqaz və Türkiyəyə qədər uzandığını vurğulayıb.

"Artıq mən deyə bilməyəcəyəm ki, Təbriz bölgənin ən önəmli siyasi və demoqrafik mərkəzidir. Deyə bilməyəcəyəm ki, yalnız İran İslam Cümhuriyyətinin sərhədləri deyil, Qafqaz və ya məsələn Ərzurum, bunlar hamısı Təbrizin təsir dairəsindədir. Deyəcək ki, sən Təbrizsən və olsa olsa bir milyon əhalin var. Bu bir alçaq plandır ki, Təbriz üçün cızılıb, ancaq biz bunun nə demək olduğunu dəqiq anlaya bilmirik" , Əhməd Əlirza Beygi bəyan edib.

Əlirza Beygi keçmiş illərdə də Təbrizin layiq olduğu siyasi və diplomatik statusdan məhrum buraxılmasını dəfələrlə tənqid edib. O, 2020-ci ilin dekabr ayında dönəmin xarici işlər naziri Cavad Zərifin Türkiyə prezidenti Ərdoğanın Bakıda oxuduğu "Arazı Ayırdılar" şeirinə təpkisini tənqid edərək, Türkiyə ilə münasibətlərin pozulmamasını istəyib və xarici siyasətdə Təbrizə də rol verilməsini tələb etmişdi.

XS
SM
MD
LG