ABŞ Dövlət Departamenti növbəti dəfə Azərbaycan hökumətini insan hüquqları fəalı Bəxtiyar Hacıyevi azad etməyə çağırıb.
"Cənab Hacıyevlə bağlı davam edən istintaq barədə məlumatları bilirik və onun işini yaxından izləməyə davam edirik, onu tezliklə azad etməyə çağırırıq", ənənəvi mətbuat brifinqində mətbuat katibinin birinci müavini Vedant Patel Hacıyevin işi ilə bağlı son hadisələrlə əlaqədar Turan agentliynin sualının cavabında bildirib.
"Biz insan hüquqlarına və əsas azadlıqlara hörməti təşviq etməyə sadiqik və hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən öz fikrini dinc şəkildə ifadə etmək hüququna hörmət etməyə çağırırıq", Patel əlavə edib.
İyunun 6-da hazırda həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, Gəncə şəhərində atası İlyas Hacıyevin, Göygöl şəhərində qardaşı Vüqar Hacıyevin və Bakıda dostu Rail Abbasovun evlərində və avtomobillərində axtarış aparılıb. Axtarış tədbirləri ötən həftə Bəxtiyar Hacıyevlə bağlı aparılan istintaq hərəkətlərindən sonraya təsadüf edir.
İyunun 6-da Bəxtiyar Hacıyevin dostu Rail Abbasov Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində 8 saat dindirildikdən sonra sərbəst buraxılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir.
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.
Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs-qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib və həbs müddəti iyunun 28-dək uzadılıb.
ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.