GRETA Azərbaycanda insan alveri ilə mübarizəyə dair hesabatını yayıb

Avropa Şurasının İnsan Alverinə Qarşı Fəaliyyət üzrə Ekspertlər Qrupu (GRETA) iyunun 6-da dərc olunan yeni hesabatında Azərbaycanı insan alveri qurbanlarını daha yaxşı müəyyən etməyə və onların kompensasiya və digər hüquq müdafiə vasitələrinə çıxışını yaxşılaşdırmağa çağırır.

Azərbaycanda Avropa Şurasının İnsan Alverinə Qarşı Fəaliyyət Konvensiyasının icra edilməsinə dair araşdırma aparan GRETA 2018-ci ildə hazırladığı son dəyərləndirmə hesabatından bəri ötən beş il ərzində bu istiqamətdə attılan addımları və ümumi vəziyyəti qiymətləndirib.

Azərbaycan Daxili İşlər Nazirliyinin statistikasına əsasən, Azərbaycanda 2018-2022-ci illər ərzində 472 nəfər insan alverinin qurbanı olub. Nazirlik 2018-ci ildə 98, 2019-cu ildə 91, 2020-ci ildə 94, 2021-ci ildə 95 və 2022-ci ildə 94 insan alveri qurbanı qeydə alıb. Müəyyən edilmiş qurbanların 94%-i cinsi istismar məqsədilə insan alverinə məruz qalmış qadınlardır. Kişi qurbanlar isə əsasən əmək istismarına məruz qalır. Əksəriyyəti Azərbaycan vətəndaşı olan insan alveri qurbanları əsasən Türkiyə, Rusiya və İran kimi qonşu ölkələrə, o cümlədən Qətər və Birləşmiş Ərəb Əmirliklərinə aparılaraq istismara məruz qalıb.

GRETA hesab edir ki, Azərbaycanda insan alverinin faktiki miqyası həm əcnəbi qurbanların, həm də daxili insan alverinin qurbanlarının aşkarlanması üzrə səmərəli fəaliyyətin olmaması səbəbindən rəsmi müəyyən edilmiş rəqəmləri üstələyir. Hesabat insan alveri qurbanlarının, xüsusilə ölkədaxili insan alveri, qeyri-qanuni miqrantlar və sığınacaq axtaran şəxslər arasında insan alveri qurbanlarının aşkar edilməsi üçün daha yaxşı mexanizmlərin hazırlanmasına, bu istiqamət qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac olduğunu vurğulayır.

Əməyin istismarı məqsədilə insan alverinin qarşısının alınması və onunla mübarizə üzrə 2018-ci ildə keçirilən ikinci qiymətləndirmədən sonra məhdud irəliləyiş əldə edildiyini qeyd edən GRETA bir daha Azərbaycan hakimiyyətini əmək müfəttişləri tərəfindən iş yerlərində, o cümlədən qeydiyyatdan keçməmiş şirkətlərdə yoxlamaları artırmağa çağırır.

Hesabata vurğulanan əsas çatışmazlıqlardan biri də qurbanların ədalət mühakiməsinə və kompensasiyaya məhdud çıxışıdır. GRETA Azərbaycan hakimiyyətini qurbanların hüquqi yardıma çıxışını və mövcud kompensasiya mexanizmlərini yaxşılaşdırmaq üçün addımlar atmağa çağırır. Bundan əlavə, hesabat insan alveri qurbanlarına psixoloji yardım, onların cəmiyyətə reinteqrasiyası, əmək bazarına səmərəli çıxışını gücləndirmək və sosial-iqtisadi inklüzivliyini artırmaq üçün əlavə addımların atılmasının vacibliyini vurğulayır.

GRETA Azərbaycanda insan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarının yetərincə iştirak edə bilməməsindən də narahatlıq ifadə edib. Hesabatda ölkədə qeyri hökumət təşkilatları (QHT) ilə bağlı məhdudlaşdırıcı qanunvericilik, o cümlədən QHT-lərin qeydəalınma, maliyyələşmə ilə bağlı problemlərin vətəndaş cəmiyyətinin bu sahədə fəal iştirakının qarşısını aldığı qeyd edilir. GRETA Azərbaycan hakimiyyətini Konvensiyanın məqsədlərinə nail olmaq üçün vətəndaş cəmiyyəti subyektləri ilə strateji tərəfdaşlıq qurmağa və insan alverinə qarşı mübarizə ilə məşğul olan QHT-lərin qeydiyyatdan keçməyə və adekvat maliyyələşdirməyə effektiv çıxışını təmin etməyə çağırır.

Qeyd edilən çatışmazlıqlarla yanaşı GRETA Azərbaycanın son illərdə müəyyən irəliləyişlər göstərdiyini, İnsan Alverinə Qarşı Mübarizə üzrə 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının qəbul edilməsinin Azərbaycanın problemin həllinə sadiqliyini nümayiş etdirdiyi vurğulayıb.

Hesabat xüsusilə insan alverinə qarşı mübarizə üzrə qanunvericilik, institusional və siyasi bazanın daha da inkişaf etdirilməsi, məlumatlılığın artırılması və müvafiq mütəxəssislərə təlimlərin keçirilməsi kimi müəyyən sahələrdə irəliləyiş əldə edilib. Bundan başqa, GRETA Azərbaycanın İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin insan və maliyyə resurslarını gücləndirməsini, insan alveri ilə bağlı işlərdə çıxarılan hökmlərin sayının artmasını alqışlayıb.