Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen azad olunmuş Ağdam şəhərinə səfər edib.
Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin məlumatına görə, həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi dağıntılar, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar.
“Həmməruzəçilərə bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən olub. Burada sənaye və kənd təsərrüfatı inkişaf edib. 1993-cü il iyulun 23-də Ağdam işğal edildikdən sonra şəhərdə və rayonun kəndlərində evlər, ictimai binalar, məktəblər, mədəniyyət ocaqları, uşaq bağçaları, xəstəxanalar, istehsalat müəssisələri talan edilib, dağıdılıb və yandırılıb”, məlumatda qeyd edilir.
Həmməruzəçilər Ağdama səfərləri ilə bağlı hələ şərh verməyib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məlumatına görə bu qurumun Azərbaycan üzrə həmməruzəçiləri Yan Liddell-Qreynqer (Birləşmiş Krallıq) və Liz Kristofersen (Norveç) iyunun 3-dən 7-dək Azərbaycanda faktaraşdırıcı səfərdə olacaq.
Həmməruzəçilər AŞPA-nın 2184 (2017) Qətnaməsinin qəbulundan sonra ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək.
“Həmməruzəçilər Bakıda Prezidenti Administrasiyasının rəhbəri, xarici işlər, daxili işlər, ədliyyə nazirləri, habelə ədliyyə orqanlarının nümayəndələri ilə görüşəcək. Parlamentin sədri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşlər keçiriləcək. Səfər zamanı həmməruzəçilər vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşəcək”, məlumatda qeyd edilir.