İranın Azərbaycandakı Mədəniyyət Mərkəzi bağlanıb

İranın Bakıdakı Mədəniyyat Mərkəzi bağlanıb. Bu barədə İRNA agentliyi məlumat yayıb.

“İranın Bakıdakı Mədəniyyət Mərkəzinin rəhbəri ölkədən çıxarıldıqdan sonra bu mərkəzin bağlanması iki ölkə arasında son vaxtlar yaranmış fikir ayrılıqları ilə bağlı Azərbaycan hökumətinin bəhanəsidir”, İRNA Agentliyi adını çəkmədiyi mənbəyə istinadən bildirib.

“İran qonşuları ilə münasibətlərdə həmişə xoş niyyətli olub və iki ölkə arasındakı problemləri dialoq yolu ilə, məntiqsiz, emosional və gərginliyi artıran hərəkətlərdən çəkinməklə həll etmək istəyib. İranın Bakıda sahib olduğu xeyli mülk var və son hərəkətlər İran hökumətinə məxsus əmlakla bağlı Azərbaycan tərəfinin birtərəfli və tələsik bəhanəsidir, bu da təbii ki, dialoq yolu ilə həll oluna bilər”, mənbə İRNA agentliyinə deyib.

Azərbaycan tərəfi bununla bağlı hələlik rəsmi bəyanat verməyib.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə postuna silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.