Cefri Pyatt: ABŞ Azərbaycana Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdardır

"ABŞ Azərbaycana Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəyə görə minnətdardır".

Turan agentliyinin məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Pyatt (Geoffrey Pyatt) jurnalistlərə açıqlamasında deyib.

Cefri Pyatt qeyd edib ki, Azərbaycanda bir sıra səmərəli görüşlər keçirib və iyunun 1-də Səngəçal kompleksində olub.

Pyatt əlavə edib ki, o, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin haradan başladığını görmək fürsəti əldə edib.

Onun sözlərinə görə, bu iki boru kəməri Ukraynadakı müharibə əsnasında Avropanın enerji tədarükünün təmin edilməsində mühüm rol oynamağa başlayıb.

"Biz Cənub Qaz dəhlizi layihəsini və onun genişləndirilməsini, həmçinin keçən ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu dəstəkləyirik. Əgər Azərbaycanın dəstəyi olmasa idi, Cənubi Avropada enerji böhranı ilə bağlı vəziyyət daha ağır olardı. Azərbaycan neft-qaz istehsalçısı kimi vacib rol oynayır", o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiyaya Qərb bazarlarına çıxış rolunu oynayır, Azərbaycan mürəkkəb regionda yerləşir və çətin qonşuları var.

"Biz əsas neft və qaz istehsalçısı kimi unikal rol oynayan, çox mürəkkəb coğrafiyada yerləşən Mərkəzi Asiya ölkələri üçün bariz "qapı" olan Azərbaycanla enerji tərəfdaşlığını qoruyub saxlamaqda qərarlıyıq. Çünki bunlar strateji əhəmiyyət kəsb edən enerji əlaqələridir"- deyə, o bildirib.

Cefri Pyatt əlavə edib ki, ABŞ Azərbaycan və Türkmənistan arasında enerji resursu ilə bağlı danışıqları dəstəkləyir.

"Biz, həmçinin Qazaxıstanla apardığınız danışıqları, Qazaxıstanın xam neftinin ötürülməsində BTC-dən istifadə potensialını təqdir edirik", o deyib.

Bundan əlavə Cefri Pyatt qeyd edib ki, ABŞ Azərbaycanın "yaşıl enerji"nin inkişafı sahəsində fəaliyyətini müsbət qiymətləndirir.

"ABŞ-da "yaşıl hidrogen" sahəsində irimiqyaslı layihələr həyata keçirilir. Səfər zamanı Azərbaycanın külək və "yaşıl enerji"nin digər növləri üzrə imkanları barədə mənə məlumat verildi", o bildirib.

ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyatt Azərbaycanda səfərdədir. O, mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil andGas" və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - "Caspian Power" sərgilərinin açılış mərasimində iştirak edib. Cefri Pyatt Azərbaycan Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahmazov və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Cefri Pyatt Bakıda Enerji Həftəsinin əhəmiyyətini qeyd edib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın liderlik rolunu yüksək qiymətləndirib.

Xatırlatma

Hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.

TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 kilometrdir. Bunun da 550 kilometri Yunanıstanın şimal hissəsindən, 215 kilometri Albaniya ərazisindən, 105 kilometri Adriatik dənizinin dibi ilə, 8 kilometri isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.