"TotalEnergies" şirkəti yaxın günlərdə "Abşeron" yatağından qaz hasilatına başlanacağını bildirib

Total şirkəti

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Fransanın "TotalEnergies" şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsini (Faza-2), neft-qaz və bərpaolunan enerji sahəsində potensial əməkdaşlıq imkanları nəzərdən keçirib.

SOCAR-ın məlumatında deyilir ki, bu məsələlər SOCAR-ın prezidenti Rövşən Nəcəfin "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Jean-Luc Guiziou ilə iyunun 1-də Bakıda keçirilən görüşündə müzakirə olunub.

Abşeron qaz yatağı

Görüşdə "Abşeron" qaz-kondensat yatağının işlənilməsinin birinci mərhələsi (Faza-1) - Erkən Hasilat Sxemi (EPS) çərçivəsində görülən işlər, layihənin cari vəziyyəti, müasir texnoloji və təhlükəsizlik sistemləri ətrafında müzakirə aparılıb.

Bu gün "Total Enegy Avropa"nın birinci vitse-prezidenti Jan Lyuk Qizyu Bakı Enerji Həftəsində çıxışı zamanı deyib ki, yaxın həftələrdə Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" qaz-kondensat yatağından ilk qaz çıxarılacaq.

Onun sözlərinə görə, Azərbaycan Avropanın qaz təchizatında mühüm rol oynayır.

"Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizimdə "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yataığıdır.

"Abşeron" yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanıb. O vaxt görülən işlər nəticə verməyib və 2005-ci ildə kontrakta xitam verilib. Ancaq 2009-cu ildə "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Abşeron" yatağı üzrə ikinci kontrakt imzalanıb. 2011-ci ilin sentyabrında Fransanın "Total" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.