"ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir"

Foto Achiv: Katye Jeneral Depatman D'Eta Ameriken an nan Washington.

ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.

Bu barədə mayın 24-də ənənvi brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan Agentliyinin müxbirinin sualına cavabında deyib.

Onun sözlərinə görə, ABŞ Dövlət katibi Antoni Blinken sülhün əldə edilə biləcəyini açıq şəkildə bildirib.

"Biz tərəflərə bu işdə, o cümlədən onlara birbaşa qarşılıqlı fəaliyyətlə dəstəyimizi davam etdirəcəyik", Miller bildirib.

Onun sözlərinə görə, ABŞ əlçatan olan davamlı həllə nail olmaq üçün birbaşa danışıqların vacib olduğunu hesab edir.

"İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən yerində bu danışıqları dəstəkləyirik", o əlavə edib.

Mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel mətbuata bəyanatla çıxışında bildirib ki, fikir mübadiləsi səmimi, açıq və nəticəyönümlü olub və əsas diqqət Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlib.

Mayın 19-da Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Sergey Lavrov arasında üçtərəfli və ikitərəfli formatda görüşlər olub.

"Tərəflər "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. Nazirlər Azərbaycan və Ermənistan arasında danışıqların təşkilinə görə Rusiya tərəfinə minnətdarlıqlarını bildiriblər. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər”, Rusiya Xarici İşlər Nazirliyi qeyd edib.

Mayın 25-də isə Azərbaycan, Ermənistan və Rusiya liderləri İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin Moskvada görüşəcək.