Xaçmazda jurnalist məhkəməyə verilib və barəsində cinayət işi açılıb

Cəmil Məmmədli (Arxiv foto. Fotonu Cəmil Məmmədli təqdim edib)

Xaçmaz rayonunun Xudat qəsəbəsində 40 nəfər jurnalist Cəmil Məmmədlinin basqılara məruz qalması ilə bağlı Azərbaycan prezidentinə və birinci vitse prezidentə müraciət edib. Müraciətdə jurnalistə qarşı təzyiqlərə son qoyulması üçün ölkə rəhbərliyindən kömək istənilir.

Xaçmaz sakinləri bildirir ki, Məmmədliyə qarşı şantaj xarakterli əməllərə yol verilir. Müraciətdə deyilir ki, jurnalist daim peşə fəaliyyətini yerinə yetirir, hər hansı qanunsuz əmələ yol vermir, ona qarşı təzyiqlər məhz bundan qaynaqlanır.

“Jurnalist Cəmil Məmmədli Xaçmaz rayonunda və ümumilikdə regionda baş verən qanunsuzluqları, neqativ, xoşagəlməz halları işıqlandırır. Xaçmaz şəhərində, eləcə də rayonun kəndlərində bir nəfər tapılmaz ki, jurnalistə qarşı mənfi fikirdə olsun. Bir sözlə o, çətinliyi olan hər bir rayon sakininə jurnalist kimi dəstək göstərməyə çalışır”, müraciətdə qeyd edilir.

Cəmil Məmmədli regionda fəaliyyət göstərən jurnalistdir. Əvvəllər Azadlıq Radiosunun əməkdaşı olan jurnalist hazırda müstəqil fəaliyyət göstərir. O, bir müddət əvvəl Quba rayon İcra Hakimiyyətinin başçısının şikayəti üzrə təhqirə görə islah işləri cəzasına məhkum olunub. Bu ilin əvvəlində ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlayıb. Jurnalistə həmçinin, xuliqanlığa görə cinayət işi açılıb.

Məmmədli bütün ittihamları rədd edir, təzyiqlərin onu susdurmağa, sıradan çıxarmağa xidmət etdiyini bildirir.

Jurnalist Amerikanın Səsinə bildirib ki, son dəfə rayon sakini Fuad Həbibov ondan həm məhkəməyə, həm də istintaqa şikayət edib.

“O məhkəməyə bötan və təhqirlə bağlı şikayət edib. Xaçmaz Rayon Məhkəməsi aprel ayında artıq bu ittihamla məni 1,5 il islah işlərinə məhkum edib. İndi apellyasiya şikayəti vermişəm.

Daha bir şikayət isə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə veriblər. Onlar iddia edir ki, guya mənə 10 min manat rüşvət veriblər. Mən onlara guya söz vermişəm ki, qətlə yetirilmiş anaları ilə bağlı cinayət etmiş insanları tapacam. Rüşvətlə bağlı iddialar tam yalandır. İndi mənə qarşı 178.2 (Dələduzluq, eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi açılıb, istintaq davam etdirilir”, o qeyd edib.

Jurnalist təzyiqlərin siyasi olduğunu bildirir.

“Bu şikayətlər mənim Quba rayon İcra Hakimiyyətinin başçısı ilə bağlı video faktlarımdan sonra onun məni təhqir və böhtan ittihamı ilə məhkəməyə verməsindən sonraya təsadüf edir. Çünki icra hakimiyyəti başçısının şikayəti ilə məhkəmə mənim barəmdə həbs qərarı çıxarmadı. İndi nəyin bahasına olursa-olsun məni həbs etdirmək istəyirlər”, o qeyd edib.