Taktor komandasının azarkeşləri son həftələrdə Təbrizdə səsləndirdikləri milli şüarları may ayının 18-də paytax Tehranın Azadi stadionu, stadionun xarici və Tehran metrosunda da səsləndiriblər.
Sosial şəbəkələrdə yayılan videolarda çox sayda tərəfdarın "Türk Dilində Mədrəsə, Olmalıdır Hərkəsə" şüarını səsləndirdikləri görünür. Bəzi videolarda isə "Azadlıq, ədalət, milli hökümət", "Azərbaycan yurdumuz, Traktor boz qurdumuz" və "Azərbaycan var olsun, istəməyən kor olsun" kimi şüarlar səsləndirən azarkeşlər görünür.
Təbrizin Traktor və Tehranın İstiqlal komandaları 2022-23 İran pro-liqa oyunları çərçivəsində cümə axşamı günü saat 18:00-də Tehranın Azadi stadionunda qarşı-qarşıya gəliblər.
Yarı-rəsmi Mehr agentliyinin xəbərinə görə, oyunu izləməyə gələn Traktor komandasının tərəfdarları səhər saatlarından etibarən stadionun önündə toplaşıblar.
"Bu matçın iki komandanın çempionluğu və ya aşağı liqaya düşməsinə heç bir təsiri yoxdur. Ancaq, coşğulu olmaları ilə tanınan və heç bir şəraitdə komandalarını yalnız buraxmayan Traktor azarkeşkəri səhər saatlarından bəri Azadi stadionunun önündə toplaşıblar," agentlik mayın 18-də səhər saatlarında yaydığı xəbərində bildirib.
Matçda Traktor komandası 7-1 hesabı ilə məğlub olub. Azarkeşlər komandalarının yaşadığı ağır məğlubiyyətə rəğmən oyundan sonra stadion xaricində və Theran metrosunda da milli şüarlar səsləndirməyə davam ediblər.
SEE ALSO: Təbriz stadionunda milli şüarlar səsləndirilibTəbrizin Traktor futbol komandasının azarkeşləri bir müddətdir stadionlarda səsləndirdikləri ənənəvi "Türk dilində mədrəsə" və "Azərbaycan var olsun" kimi şüarlardan əlavə yeni şüarlar səsləndirməyə başlayıb.
İranda 'türk kimliyinin simvolu' kimi tanınan Təbrizin Traktor futbol komandasının azarkeşləri keçən illərdən bəri stadionlarda şüarlar səsləndirib və plakatlar nümayiş etdirərək, türk dilində təhsil tələbini gündəmə gətirib, siyasi məhbuslara dəstək bildirib, habelə "Urmiyə gölünün qurudulması" və İranda qadınların stadiona giriş yasağına etiraz ediblər.