Təbriz millət vəkili və Şərqi Azərbaycan vilayətinin sabiq valisi Əhməd Əlirza Beygiyə qarşı məhkəmə işi açılıb.
Əlirza Beygiyə qarşı onun Sənaye, Mədən və Ticarət (SMT) nazirinin 75 məclis vəkilinə rüşvət verdiyinə dair açıqlamaları səbəbilə ittiham irəli sürülüb.
Rəsmi dövlət agentliyi İRNA yazıb ki, "Əhməd Əlirza Beyginin ittihamları bazar ertəsi günü ona oxunub və son müdafiəsi ondan alınıb. 'Vəkillərin davranışlarına nəzarət edən heyətin' prokurorluğa göndərdiyi hesabata əsasən Əlirza Beyginin iddialarının sənədsiz olduğu bəlli olub."
IRNA millət vəkilinə qarşı hansı ittihamların irəli sürüldüyünə dair məlumat verməyib.
Əlirza Beyginin daha əvvəlki açıqlamalarına görə, "İran parlamentinin 75 vəkili SMT nazirinin keçən ilki parlament sorğulaması (İstizah) üçün verdikləri imzaları geri çəkmək üçün nazirlikdən SUV avtomobilləri alıblar."
SMT naziri iddiaları təkzib edərək prokurorluqdan mövzuya müdaxilə etməsini tələb etmişdi.
İbrahim Rəisi hökumətinin informasiya şurası heyətinin başqanı Sepehr Xələci də 75 millət vəkilinə nazirlik tərəfindən SUV avtomobilləri verilməsinə dair açıqlamalara sərt reaksiya göstərmişdi. Xələci məhkəmə sisteminin hökümət əleyhinə dedi-qodu yayanlara qarşı ölçü götürməsini tələb etmişdi.