Saleh İldırım: İranın fərqli bölgələrində etirazların işıqlandırılmasında ikili standart var

Saleh İldırım

Siyasi fəal Saleh İldırım Amerikanın Səsi ilə söhbətdə 2006-cı ilin may ayında İran Azərbaycanında baş qaldıran böyük qiyam haqqında danışıb. O, may qiyamını sadəcə o tarixə qədər deyil, elə bu gün də İslam Respublikası tarixində meydana gəlmiş ən böyük kütləvi üsyan kimi dəyərləndirir.

Saleh İldırım müsahibədə həmçinin İranda hökümət əleyhinə son kütləvi etirazlardan sonra Azərbaycan Milli Hərəkatına mənsub siyasi qüvvələrin fəaliyyətləri və təşkilatların birgə yürütdüyü layihələri şərh edib.

Your browser doesn’t support HTML5

Saleh İldırım: İranın fərqli bölgələrində baş verən etirazların işıqlandırılmasında ikili standart var

2006 may ayının 12-də İran dövlətinin rəsmi mətbuat orqanı olan "İran" jurnalında dərc edilən karikaturalar qiyamın başlamasına səbəb olmuşdu. Karikaturada bir uşağın hamam böcəyinə farsca verdiyi suallara hamam böcəyi türkcə cavab verir. Yazılı mətndə isə hamam böcəklərini məhv etməyin yolları müzakirə edilir. Günlərlə davam edən kütləvi üsyanlar xüsusilə də Sulduz, Təbriz, Urmiyə və Xiyav kimi şəhərlərdə polis və hərbi qüvvələrin güc tətbiq etməsi ilə qanlı şəkildə yatırıldı.

SEE ALSO: Ural Hatəmi: 2006 May Qiyamındakı düşüncəni 'Haray haray mən türkəm' kimi şüarlarda görmək olar

Saleh İldırımın sözlərinə görə, "2006 may ayındakı aksiyalar 1979 İnqilabından bu günə qədər ən güclü aksiyalar" idi.

"Təbriz, Urmiyə, Sulduz, Ərdəbil və 30-dan artıq şəhərdə iki həftə boyunca millət ciddi küçələrə çıxdı. Yaralı, şəhid və məhbus sayısı çox idi. Millətin qatılımı böyük ölçüdə idi," o bildirib.

Siyasi fəalın sözlərinə görə, 2006 may qiyamı həm dönəmin şərtləri etibarı ilə həm də mərkəz qüvvələri tərəfindən boykot edilməsi səbəbilə böyüklüyü qədər işıqlandırılmadı.

SEE ALSO: Kərim Fəthipur 2006-cı ildə Sulduzda baş verən qanlı hadisəni şərh edir [Audio-Müsahibə]

"Azərbaycanın səsi eşidilmədi. Yəni, elə ki, mediada təbliğ olunsun və gündəmə gətirilsin, olmadı. İndiki imkanlar yox idi. Düşünün ki, aksiyalara qatılalarla telefonla danışarkən səsi yazırdıq ki, mediaya çatdıraq. Amma İrandakı bu son etirazlarda anında dünyaya yaymaq imkanı var idi və bundan əlavə bu etirazlarla maraqlananlar da çox idi. Amma Azərbaycandakı aksiyaların səsi çatdırılmadı. İşlərinə gəlmədi," o bildirib.

Saleh İldırım İranın fərqli bölgələrində baş verən etirazların işıqlandırılması ilə bağlı farsdilli media və beynəlxalq ictimaiyyətdə ikili standardın mövcud olduğunu qeyd edib.

"Bu ikili standartı biz bu gün də mərkəzlə qeyri-fars millətlər arasında görürük. Baxın Bəluçistana, hər gün adam ölür, hər gün öldürürlər. Etirazların ən güclü olduğu yer elə Bəluçistandır. Amma Bəluçistanda olanların 20-dən birini, 30-dan birini göstərirlər. Yəni, işlərinə gələn hissələrini göstərirlər. Çünki bizim etirazların şüarı və mesajı mərkəziyyətçilərin, media və qüdrət sahiblərinin işinə gəlmir," siyasi fəal əlavə edib.