Zəncanda havanın çirklənməsi təhlükəli səviyyəyə çatıb

Zəncan vilayəti

İran Azərbaycanının Zəncan şəhərində hava çirklənməsi indeksinin yüksək səviyyəyə çatması vətəndaşları sağlamlıq baxımından təhlükəli vəziyyətlə qarşılaşdırıb.

Zəncan vilayətinin Ətraf Mühit Mühafizəsi İdarəsinin havanın çirklənməsi və iqlim dəyişikliyi üzrə mütəxəssisi Zəncan şəhərində hava kirliliyi indeksinin 305-ə yüksəlməsi ilə bağlı xəbərdarlıq verərək, bu vəziyyətin əhaliyə təhlükəli olduğunu vurğulayıb.

Elnaz Haşimi İSNA xəbər agentliyi ilə müsahibədə Zəncanın hava çirklənməsi indeksinin yüksək olduğunu bəyan etməklə bərabər bu vəziyyətin bütün yaş qrupları üçün təhlükəli olduğunu bildirib və vətəndaşlara uzun müddət açıq havada fəaliyyət göstərməkdən çəkinmələrini tövsiyə edib.

O, bu vəziyyətin atmosfer şəraiti dəyişənə qədər sabit qalacağını bildirib və həmçinin hava çirkliliyi indeksinin daha da arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Zəncan vilayətinin fövqəladə hallar rəisi Daryuş Təqilu Zəncanda bu hava şərtlərindən dolayı vilayətdə bütün fövqəladə hallar əməkdaşlarının hazırı vəziyyətdə olduqlarını bildirib.

Hava indeksinin 0-dan 50-yə qədər olması havanın təmiz olduğunu və 51-100 arasında olması isə məqbul bir vəziyyətdə olmasını göstərir. Bu indeks 101 ilə 150 arasında olduğunda həssas qruplar üçün, 151 ilə 200 arasında olduğu halda isə bütün insanlara zərərli olduğunu göstərməkdədir. 201 ilə 300 arasındakı hava indeksi çox zərərli, 301 ilə 500 arasında hava indeksi təhlükəlidir.