74 yaşını qeyd edən Avropa Şurası demokratik geriləməni dayandırmağa çağırır

1945-ci ilin 5 mayında Londonda Müqəddəs Ceyms Sarayında Avropa Şurasının nizamnaməsinin əsasını qoyan müqavilə imzalanıb. 10 dövlətin imzası ilə yaranan Avropa Şurası hazırda ümumilikdə 670 milyon əhalisi olan 46 dövləti birləşdirir. Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına üzv olub.

Mayın 5-i illik hesabatını yayan Avropa Şurasının Baş Katibi Mariya Peyçinoviç Buriç üzv ölkələri demokratik geriləməyə qarşı tədbirlər görməyə çağırıb. Hesabatda jurnalistlərə qarşı zorakılığın artması, vətəndaş cəmiyyətini məhdudlaşdıran yeni qanunlar və mövcud qanunlardan sui-istifadə, nifrət nitqi, siyasi mühitdə qütbləşmə kimi problemlər vurğulanır.

Baş katib mayın 16-17-si İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək Avropa Şurası dövlət və hökumət başçılarının dördüncü zirvə görüşündə qeyd olunan məsələlərin ciddi şəkildə müzakirə edilməsinə, üzv ölkələri bu istiqamətdə öhdəlik götürməyə çağırıb.

Qitənin ən qocaman beynəlxalq insan hüquqları təşkilatı 74 il əvvəl ümumi marağı əks etdirən problemlərin müzakirəsində, iqtisadi, sosial, mədəni, elmi, hüquqi və inzibati məsələlərdə, insan hüquq və azadlıqlarının qorunması istiqamətində birgə fəaliyyət məqsədi ilə yaradılıb.

Qurumun Nizamnaməsinin 3-cü bəndində qeyd edilir ki, Avropa Şurasının hər bir üzvü qanunun aliliyi və yurisdiksiyası çərçivəsində insan hüquqları və əsas azadlıqlarından bütün şəxslərin bəhrələnməsi prinsiplərini qəbul etməli, Şuranın məqsədinin səmimi və səmərəli şəkildə həyata keçirilməsi sahəsində əməkdaşlıq etməlidir.

Avropa Şurası məkanında insan hüquq və azadlıqları Avropa İnsan Hüquqları Konvensiyası tərəfindən qorunur. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) isə üzv dövlətlər daxilində fərdlərin insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsini təmin edən beynəlxalq məhkəmə orqanıdır.