Sərhədsiz Reportyorların yeni mətbuat azadlığı indeksi: Azərbaycan 151-ci sırada yer alıb

Sərhədsiz Reportyorlar təşkilatı Ümumdünya Mətbuat Azadlığına dair yeni indeksini dərc edib. İndeksdə qiymətləndirilən 180 ölkədən 31-i "çox pis", 42-si "pis", 55-i "problemli", 52-si isə "yaxşı" və ya "kifayət qədər yaxşı" kimi təsnif edilib. Norveç yeddinci ildir ardıcıl olaraq birinci yerdə qərarlaşıb, ikinci və üçüncü sırada İrlandiya və Danimarkadır.

ABŞ builki indeksdə üç pillə geriləyərək 45-ci yerdə qərarlaşıb. Sərhədsiz Reportyorlar qeyd edir ki, indeksin sorğusunun amerikalı respondentləri Bayden administrasiyasının xoş niyyətinə baxmayaraq, yerli səviyyədə qanunvericilik və geniş yayılmış zorakılığı əsas gətirərək jurnalistlər üçün mühit barədə mənfi fikirlər səsləndiriblər. Ötən ilin mayından bəri iki jurnalistin öldürülməsi də ölkənin reytinqinə mənfi təsir göstərib.

Hesabat ötən ilin fevral ayında Ukraynaya qarşı işğalçı müharibəyə başlayan Rusiyada propoqandanın artması üçün əlverişli şərait yarandığını qeyd edir. "Müharibəyə başladıqdan sonra Rəsmi Moskva Ukraynanın cənubundakı işğal olunmuş ərazilərdə Kremlin mesajını yaymağa həsr olunmuş yeni media arsenalı yaradıb, eyni zamanda ölkədəki son müstəqil media orqanlarına qarşı həmişəkindən daha sərt şəkildə repressiyaya start verib", Sərhədsiz Reportyorlar bildirir. Rusiya bu il indeksdə 9 pillə geriləyərək 164-cü sırada yer alıb.

Digər tərəfdən Türkiyə, Tacikistan və Hindistan mətbuat azadlığı statusunun "problemli"dən "çox pis" səviyyəsinə geriləyib. İndeksdə sonuncu üç yeri isə Vyetnam, Çin və Şimali Koreya tutur.

Azərbaycan 180 ölkə içərisində 151-ci yerdə qərar tutub

Builki indeksdə Azərbaycan üç pillə irəliləyərək 180 ölkə içərisində 151-ci yeri tutub.

Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyir ki, irəliləmə Azərbaycanda müsbətə doğru dəyişiklə bağlı deyil, digər ölkələrin daha pis nəticə göstərməsi ilə əlaqədardır.

"Azərbaycan yeni ümumdünya mətbuat azadlığı indeksində 180 ölkə arasında 151-ci yerdə, Pakistan və Əfqanıstan arasında qərarlaşıb. Keçən illə müqayisədə bir qədər yaxşı olsa da, bu, reytinqdə Azərbaycanın ətrafında yer alan ölkələrin daha pis nəticə göstərməsi ilə bağlıdır. Ən əsası odur ki, Azərbaycan hələ də indeksdə çox pis nəticə göstərən ölkələr sırasında qalır. Jurnalistika Azərbaycanda çox təhlükəli peşədir", Janna Kavelye qeyd edib.

Sərhədsiz Reportyorlar indeksin hazırlanmasında beş əsas göstəricini nəzərə alır: siyasi kontekst, hüquqi çərçivə, iqtisadi kontekst, sosial-mədəni kontekst və təhlükəsizlik. Azərbaycanda xüsusilə, jurnalistlərin təhlükəsizliyi üzrə göstəricidə ciddi geriləmə olduğu nəzərə çarpır. Gerilmənin müşaiyət olunduğu digər bir göstərici isə hüquqi çərçivədir.

Janna Kavelye bunun Azərbaycanda "Media haqqında" yeni qanunun tətbiqi ilə əlaqədar olduğunu deyir.

"Əslində hakimiyyət yeni qanunun media mühiti üçün xeyirli olacağını deyirdi, amma bir ildən sonra müşahidə etdiyimiz odur ki, 40 media orqanı akkreditasiya almayıb, əlavə 20 jurnalist də bundan məhrum edilib. Hakimiyyət özbaşına kimin jurnalist olub, kimin olmadığına qərar verir və reyesterdən keçən bütün insanların şəxsi məlumatlarını saxlayırlar. Mətbuat azadlığı yırtıcısı kimi təsnif edilən İlham Əliyevin idarə etdiyi avtoritar rejimdə bu, çox təhlükəlidir. Ona görə də biz Azərbaycan hakimiyyətini qanuna tamamilə yenidən nəzərdən keçirməyə və alternativi, yəni özünütənzimləməni təşviq etməyə çağırırıq", Kavelye Amerikanın Səsinə deyib.

Your browser doesn’t support HTML5

Janna Kavelye: Ötən ildə Azərbaycanda jurnalistlərin təhlükəsizliyinə dair vəziyyət daha da pisləşib

Qənimət Zahid ölkədə bütün media təşəbbüslərinin boğulduğunu deyir

"Azadlıq" qəzetinin mühacirətdəki baş redaktoru Qənimət Zahid deyir ki, mətbuat azadlığının vəziyyəti ölkədə ümumilikdə insan hüquq və azadlıqlarının vəziyyətini əks etdirir.

Qənimət Zahid

"Biz ən azı 20 ildir ki, hər il ölkədə mətbuat azadlığına təhdidlərin və fəlakətli vəziyyətin olduğu barədə danışırıq. Son beş-altı ildə isə azad mətbuatın bir sistem və şəbəkə kimi mövcud olmadığı barədə danışırıq və bu durum qətiyyən dəyişmir. Hökumətin bu sahədə vəziyyəti düzəltmək üçün ən xırda addımları, təşəbbüsləri belə nəzərə çarpmır. Əksinə, cəmiyyətə bu sahədə hansısa qanunvericilik normativləri təqdim edirlər və məlum olur ki, bütün bu rəsmi təşəbbüslərin arxasında əsasən bir məqsəd dayanır. Ölkədə yeni media təşəbbüslərini daha da boğmaq", Qənimət Zahid bildirir.

O, həmçinin qeyd edir ki, Azərbaycan hakimiyyətinin müsbətə doğru hansısa addım atacağını gözləmir və vəziyyətin ildən-ilə daha da ağırlaşacağı istisna deyil.

"Bu fikrimlərim bədbin olsa da, bunu ifadə etməyin özü zəruridir. Azərbaycanda mətbuat azadlığının vəziyyəti Sərhədsiz Reportyorların və ya hansısa digər beynəlxalq təşkilatın cədvəllərindən ibarət deyil, orada çox faciəli proseslər baş verir. İnsanların təşəbbüsləri boğulur, insanların perspektivləri öldürülür", Fransada yaşayan jurnalist vurğulayır.

Your browser doesn’t support HTML5

Qənimət Zahid: Mətbuat azadlığının vəziyyəti ölkədə insan hüquqlarının ümumi vəziyyətini əks etdirir


Rəşad Məcid Sərhədsiz Reportyorların qiymətləndirməsini ədalətsiz hesab edir

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Amerikanın Səsinə müsahibəsində Sərhədsiz Reportyorların qiymətləndirməsini ədalətsiz hesab etdiyini deyib.

Rəşad Məcid

"Mən hesab edirəm ki, bu, ədalətsiz qiymətləndirmədir və son illərdə biz münasibət bildirərkən bu ədalətsizliyin kökləri barədə də danışmışıq. Mənə elə gəlir ki, Azərbaycanda xüsusən, indiki genişlənən informasiya məkanında söz azadlığının məhdudlaşdırılmasını söyləmək absurddur. Ola bilsin ki, bu, hansısa siyasi məqsədlər də daşıyır", Rəşad Məcid bildirib.

Rəsmi Bakı bir qayda olaraq ölkədə bütün hüquq və azadlıqların, o cümlədən mətbuat azadlığının tam təmin edildiyini, plüralizm və jurnalistlərin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirir.

Saxta məzmun sənayesi

Sərhədsiz Reportyorların builki hesabatı xüsusilə, saxta məzmun sənayesinin mətbuat azadlığına göstərdiyi mənfi təsirləri diqqət mərkəzinə çatdırmağa çalışır. 118 ölkədə indeks sorğusunun respondentlərinin əksəriyyəti öz ölkələrindəki siyasi fiqurların tez-tez və ya sistematik şəkildə kütləvi dezinformasiya və ya propaqanda kampaniyalarında iştirak etdiyini bildiriblər.

"Doğru və yalan, təbii və süni, faktlar və kələklər arasında fərqin bulanıqlaşması, məlumat hüququnu təhlükə altına alır" - deyən Sərhədsiz Reportyorlar, texnologiyanın və süni zəkanın əlamətdar inkişafının media mühitini daha da fəlakətə sürüklədiyini vurğulayır.