Azərbaycanda media mənsubları yeni qanunun, həbslərin müstəqil mətbuata əngəl törətdiyini deyir

FILE - Police officers restrain a protester during a rally of journalists against a new media bill, in front of the Parliament building in Baku, Azerbaijan, Dec. 28, 2021.

“Ata, çox həyəcanlıyam və günləri sayiram. Sən azadlığa çıxandan sonra bilirsən nə olacaq?

- Nə olacaq, Fatimə qızım?

-Ata, məni 4 il məktəbə hər gün sən aparıb gətirəcəksən.Sən məni nə məktəbəqədər hazırlığa, nə də məktəbə apara bilmisən.”

Bu sözləri İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilən Xeberman.com saytının təsisçisi Polad Aslanovun 10 yaşlı qızı Fatima Aslanova atası ilə həbsxanada görüşündə deyib.

Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Amerikanın Səsinə deyib ki, qızı hər gün təqvimdən bir gün silir. Beləcə, əfvlə atasının azadlığa çıxacağına ümid edir.

Onun sözlərinə görə, dörd ildir həbsxana həyatı yaşayan Polad Aslanov əfv üçün müraciət yazmayıb, çünki özünü günahsız hesab edir.

Gülmirə Aslanova

“Həyat yoldaşı və ailəsi olaraq mənim tələbim onun azadlığıdır. Həyat yoldaşımın heç bir günahı yoxdur və bu günə qədər də onun günahkar olduğu sübuta yetirilməyib. Biz proses boyu ədalətli məhkəmə tələb etdik, amma təəssüf ki, onun işinə ədalətli şəkildə baxılmadi və vəkili artıq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Ümid edirəm ki, həyat yoldaşım bu il əfv sərəncamı ilə haqqı olan azadlığına və onun yolunu həsrətlə gözləyən azyaşlı övladına qovuşacaq”, Gülmirə Aslanova bildirib.

Mayın 3-də dünyada Beynəlxalq Media Azadlığı Günü qeyd edilir.

Media hüquqlarını müdafiə təşkilatlarının hər il açıqladığı hesabatlarda dünya boyunca mətbuat azadlığının səviyyəsinin azaldığı, jurnalistlərə qarşı təhlükələrin artdığı qeyd edilir.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?

Yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Üstəlik media ekspertləri, bir çox beynəlxalq qurumlar düşünür ki, medianın durumunu daha da ağırlaşdıracaq hallardan biri yeni “Media haqqında” qanunun qəbul edilməsidir. Onlar hesab edir ki, bu qanun ölkədə söz azadlığının boğulmasına gətirib çıxaracaq.

Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) ötən ilin dekabrında yaydığı hesabata görə dünyada həbs olunan jurnalistlərin sayı son 30 ildə ən yüksək həddə çatıb.

CPJ-nin həbsdə olan jurnalistlərin siyahısına Azərbaycandan KİM TV internet televiziyasının aparıcısı Abid Qafarov və Xəbərman, Press.az-ın rəhbəri Polad Aslanov daxil edilib.

Qafarov bu ilin iyulunda böhtan və təhqirdə təqsirli bilinib, ona 1 il həbs cəzası kəsilib. Özü isə ittihamları qəbul etmir, “Tərtər işi” üzrə araşdırmalarına görə cəzalandırıldığını deyir. “Tərtər işi” azərbaycanlı hərbçilərin Ermənistanın xüsusi xidmət orqanları üçün casusluq ittihamlarını əhatələyir. Bu iş yenilənib, məhkəmələr casusluqda günahlandırılan onlarla hərbçiyə bəraət verib.

Dövlətə xəyanətdə ittiham olunan Aslanova 16 illik həbs kəsilib, bu ilin fevralında Ali Məhkəmə həbs müddətini 13 ilə endirib. Aslanov özünü təqsirsiz sayır, jurnalist fəaliyyətinə görə cəzalandırıldığını bildirir.

Azərbaycan hakimiyyəti media azadlığının pozulması haqda beynəlxalq qurumların tənqidlərini qəbul etmir. Ölkədə digər təməl azadlıqlar kimi media azadlığının da tam təmin olunduğunu bildirir.

“Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, Azərbaycanda söz və fikir azadlığı ciddi əngəllərlə müşayiət olunur. İnsanların öz fikrini ifadə etmək azadlığı inzibati maneələrə məruz qalır.

Müdafiə Xətti"nin həmtəsisçisi Rüfət Səfərov (ortada)

“Təcrübədə vətəndaşların fikir və əqidəsindən dönməyə məcbur edilməsi geniş yayılıb. Bunun nəticəsidir ki, Azərbaycanda media mənsubları - Abid Qafarov, Əvəz Zeynallı, Osman Nərimanoğlu, Aslan Qurbanov, Elnur Şükürov, bloger Rəşad Ramazanlı cəmiyyətdən təcrid ediliblər. Adları göstərilən şəxslərin tənqidi və fərqli fikir yaydıqlarına görə həbs olunduqlarına şübhə etmirəm və bu fikrimin möhkəmləndirilməsi məqsədilə davamlı surətdə məhkəmə proseslərini monitorinq edirəm”, o qeyd edib

Hüquq müdafiəçisi hesab edir ki, qəbul edilən yeni “Media haqqında” qanun gələcəkdə jurnalistlərin və blogerlərin yeni həbsinə yol açacaq.

“Onsuz da ağır olan durum daha da mürəkkəbləşməkdədir. Nə ilə? “Media haqqında” qanunla. Bu qanun kifayət qədər mürtəce xarakterli olmaqla yerli və beynəlxalaq hüquq müdafiəçilərinin tənqidini qazanıb. Çünki əksər müddəaları ifadə və media azadlığı ilə bağlı Avropa standartlarına uyğun gəlmir. Təsadüfi deyil ki, Venesiya Komissiyası Avropa Şurasına üzv olan Azərbaycanda bu qanunun tətbiq edilməməli olduğu qənaətində olduğunu bildirib. Proqnozum bundan ibarətdir ki, “Media haqqında” qanundan sonra inzibati və cinayət qanunvericiliyinə də müvafiq əlavə və dəyişikliklər ediləcək, hökumətin “informasiya məkanında” olmayan tənqidçi və müstəqil medianın təqibi çoxalacaq, “çəkindirici effekt” artacaq”, o bildirib.

Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov Amerikanın Səsinə bildirib ki, Azərbaycan beynəlxalq və regional sənədlərdə, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərində təsbit edilmiş ifadə və mətbuat azadlıqlarına hörmətlə yanaşılmasını çox vacib hesab edir. Bu istiqamətdə səmimi səylər göstərir.

Milli Məclis

“Bilirsiniz ki, ölkədə artıq 30 ilə yaxındır ki, senzura ləğv edilib. Çoxsaylı media təsisatları fəaliyyət göstərir. Media azadlığının daha səmərəli təmin edilməsi üçün biz istər daxili, istərsə də sağlam xarici institutların fəallığını həmişə təşviq etmişik. Təəssüf ki, müstəqil medianın özünə yanaşması bu gün ciddi suallar doğurur. Qərb təsisatları üçün müstəqil media yalnız Qərbin dəyərlərini özündə ehtiva edən, daha dəqiq desək, Soros ideologiyasını bütləşdirən media hesab olunur. Milli kimliyə, milli adətlərə bağlılıq, mənəvi amillər və yaradıcılıq azadlığı arasında incə sərhəddin gözlənilməsi media hüquqlarını müdafiə təşkilatları üçün qəbuledilməzdir. Eyni zamanda, nədənsə hakimiyyətə qarşı radikal mövqe tutan media qurumları bir qayda olaraq azad, mövcud idarəçiliyə neytral və yaxud pozitiv yanaşan media strukturları isə asılı media kimi damğalanır. Belə ki, medianın müstəqilliyi üçün həmin media mütləq Soros ideologiyalarını təbliğ etməlidir. Radikal müxalifət təfəkkürə malik olmalıdır. Adət-ənənələrə, milli varlığa isə arxa çevirməlidir. Bu, əslində həmin təsisatların özünün insanların ifadə azadlığına kobud müdaxilədir. Yəni, faktiki olaraq, media hüquq və müdafiə təsisatları özünün yaratdıqları standartları ümumməcburi qaydaya çevirmək istəyirlər. Kim ki, bu qaydaları sorğulayırsa, dərhal medianın düşməninə çevrilir. Bunun da çox sadə səbəbi var. Media azadlığı əslində Qərbin təsir alətlərindən biridir. Subyektlərə münasibətdə ikili standartlar formasında zaman-zaman biruzə verir. Məsələn, Ermənistanda həbsdə olan jurnalistlər fonunda Paşinyan ABŞ Demokratiya sammitinə dəvət olunur. Çünki Sorosun komandasının üzvüdür. Yaxud Azərbaycan jurnalistləri 2021-ci ildə minaya düşərək Ermənistanın müharibə cinayətinin qurbanına çevrildilər. Hər il açıqlanan hesabatlar mətbuat azadlığının səviyyəsinin azalması, jurnalistərə qarşı təhlükələrin artması kimi statistikalar ümumi media azadlığına yox, konkret məqsədlərə və riyakar standartlara xidmət edir”, o bildirib.

Your browser doesn’t support HTML5

Bəhruz Məhərrəmov: Azərbaycanda media azadlığı kifayət qədər təmin olunur

Deputatın sözlərinə görə, Azərbaycanda media azadlığı kifayət qədər təmin olunur.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirib ki, Ombudsman fəaliyyət çərçivəsində jurnalistlərin peşəkar fəaliyyətini hər zaman dəstəkləyir, əməkdaşlıq edir, ölkə Konstitusiyasına uyğun olaraq hər kəsin fikir və ifadə azadlığının təmin edilməsini daima diqqət mərkəzində saxlayır.

“İnsan hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Om­budsman) kütləvi informa­siya vasitələri ilə əlaqələrə mühüm əhəmiyyət verir, media ilə əməkdaşlıq qurumun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Ombudsman tərəfindən qeyri-hökumət təşkilatları, icmalar, media və ictimaiyyətlə əlaqələrin genişləndirilməsinə xidmət edən tədbirlər həyata keçirilmişdir. Ombudsman Aparatında “Sosial media siyasəti üzrə təlimat”, “Kommunikasiya strategiyası” və “Böhran vəziyyətlərinin kommunikasiya planı” hazırlanmış və icra olunmuşdur. Ombudsman fəaliyyəti çərçivəsində yerli və xarici jurnalistlərlə müntəzəm görüşür, müzakirələr aparır, fəaliyyətləri ilə bağlı müraciətlərini dinləyir və öz dəstəyini verir”, məlumatda deyilir.

Aprelin 20-də “Azərbaycan siyasi məhbuslarına azadlıq” Birliyi 182 nəfərdən ibarət siyasi məhbusların yeni siyahısını dərc edib.

Həbsxana

Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib. 182 siyasi məhbus siyahısında jurnalistlər və blogerlərin 6 nəfər olduğu deyilir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və bunu qərəzli baxış hesab edir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyini bəyan edir.

Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.