Vəkil: Bəxtiyar Hacıyev kəskin baş ağrılarından əziyyət çəkir

Bəxtiyar Hacıyev

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyev kəskin baş ağrılarından əziyyət çəkir. O, bu barədə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinə bildirsə də, hələ dərmanlarla təmin etməyiblər.

Bu barədə vəkil Elçin Sadıqov aprelin 28-də təcridxanada Hacıyevlə görüşündən sonra Amerikanın Səsinə deyib.

O bildirib Hacıyev barəsində həbs-qətimkan tədbirinin uzadılması barədə Xətai rayon Məhkəməsinin qərarından aprelin 25-də apellyasiya şikayəti verilsə də hələ apellyasiya baxışının vaxtı təyin edilməyib.

Aprelin 20-də Bakı şəhəri Xətai Rayon Məhkəməsi müstəntiqin vəsatəti əsasında Hacıyevin həbs müddətinin daha iki ay (iyunun 28-dək) uzadılması barədə qərar qəbul edib.

Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb. Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha bir ay, fevralın 23-də isə daha 2 ay - aprelin 28-də uzadıb. Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi və ya məhkəmə başlayana qədər zaminə buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətləri məhkəmələr tərəfindən təmin edilməyib.

Fevralın 28-də - aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.

ABŞ Dövlət Departamenti, ABŞ Senatı, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb edib.