Fransanın xarici işlər naziri Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcək

Ketrin Kolonna (Mənbə: Fransa Xarici İşlər Nazirliyi)

Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna aprelin 26-dan 28-dək Azərbaycana, Ermənistana və Gürcüstana səfər edəcək.

Fransa Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, nazir Ketrin Kolonna Azərbaycan və Ermənistana səfəri zamanı Fransanın ərazi bütövlüyünə və beynəlxalq hüquq prinsiplərinə hörmət edən ədalətli, davamlı sülh üçün iki ölkə arasında danışıqları dəstəkləmək öhdəliyini qeyd edəcək.

“O, həmçinin Dağlıq Qarabağın erməni əhalisinin hüquqlarının təmin edilməsini və Laçın dəhlizi ilə hərəkətin dərhal bərpa olunmasını tələb edəcək,” xəbərdə qeyd edilir. “”

Nazirin Bakıda prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Onun həmçinin 1990-cı il 20 Yanvar sovet repressiyası qurbanlarının xatirəsini ehtiramla yad edəcəyi bildirilir.

Ketrin Kolonna Yerevanda baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüş keçirəcək.

“O, Avropa İttifaqının Müşahidə Missiyasının Cermuxdakı qərargahına baş çəkəcək və aprelin 24-də Fransanın 108-ci ildönümünü qeyd etdiyi Erməni Soyqırımı Memorialında meditasiya edəcək,” Fransa Xarici İşlər Nazirliyi bildirir.

Aprelin 28-də isə Fransa xarici işlər naziri Ketrin Kolonna Gürcüstana səfər edəcək. Onun prezidenti Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə danışıqları zamanı qanunun aliliyi və vətəndaş cəmiyyətinin qorunması sahəsində islahatları, ölkənin Avropa Birliyinə yaxınlaşmasını dəstəklədiyini qeyd edəcəyi bildirilir.

Rəsmi Bakı Fransanın Ermənistan-Azərbaycan münaqişəsində Ermənistanın mövqeyini dəstəklədiyini bildirir. Azərbaycanda rəsmi səviyyədə və ictimaiyyət arasında Fransanın mövqeyi tənqid obyektidir. Son dövrlərdə yerli televiziyalarda, çap mediasında, sosial şəbəkələrdə Fransanın mövqeyi davamlı olaraq tənqid edilir.

Aprelin 23-də Azərbaycanın Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması barədə Fransa Xarici İşlər Nazirliynin bəyanatı da qəbuledilməz hesab edilib.

Fransa Xarici İşlər Nazirliynin bəyanatında deyilir ki, Fransa Laçın dəhlizində yeni yolun girişində nəzarət-buraxılış məntəqəsinin yaradılmasından təəssüflənir, bu atəşkəs razılaşmaları üzrə götürülmüş öhdəliklərə ziddir və danışıqlar prosesinə xələl gətirir.

“Fransa Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə, xüsusən də Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də çıxardığı və məcburi qüvvəyə malik olan müvəqqəti tədbirlərə əməl etməyə çağırır. O, Laçın dəhlizi ilə hər iki istiqamətdə malların, insanların və malların sərbəst hərəkətinin bərpasına, əhalinin qaz və elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına çağırır,” Fransa Xarici İşlər Nazirliyi qeyd edir.

Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın bəyanatının əsassız olduğunu bildirib.

“Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır,” Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə qeyd edib.

Öz növbəsində Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 23-də Yerevanda Fransa Senatında “Respublikaçılar” fraksiyasının rəhbəri, Senatda Dağlıq Qarabağ məsələsi üzrə qrupun sədri Bruno Retaio ilə görüşündə bildirib ki, Ermənistan üçün bu çətin dövrdə Fransanın dəstəyini yüksək qiymətləndir.

O, həmçinin Fransa Senatına Ermənistan və Dağlıq Qarabağla bağlı mühüm qətnamələr qəbul etdiyinə görə təşəkkür edib.

Aprelin 23-də Azərbaycan Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı bəyanatda Ermənistan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə etməkdə ittiham olunub.

“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən 22 aprel tarixində birtərəfli qaydada Azərbaycan ilə sərhəddəki Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12.00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub, ” Dövlət Sərhəd Xidmətinin bəyanatında deyilir.