Avropa Şurası Parlament Assambleyasının məruzəçisi Pol Qavan Laçın dəhlizindəki vəziyyətlə yerində tanış olmaq üçün may ayının sonunda bölgəyə səfər edəcəyini deyib. Bu barədə AŞPA məruzəçisi aprelin 24-də yaydığı bəyanatda bildirib.
“Biz artıq aylardır ki, regionda təkcə sözdə deyil, əməldə də narahatlıq doğuran eskalasiyanın şahidi oluruq. Hər iki tərəf Dağlıq Qarabağda yaşayan insanların vəziyyətinin pisləşməsinin qarşısını almaq üçün həll yolunun tapılmasına töhfə verməlidir. Vəziyyətlə bağlı hesabatım gecikmədən hazırlanmalıdır. Mayın son həftəsində Ermənistan və Azərbaycana, o cümlədən sözügedən regiona səfər etmək niyyətindəyəm”, məruzəçinin bəyanatında qeyd edilir.
Pol Qavan AŞPA-nın 2021-ci ildə qəbul etdiyi Ermənistanla Azərbaycan arasındakı münaqişənin humanitar fəsadlarına dair hesabatın müəllifi olub. 15 mart 2023-cü ildə AŞPA-nın Miqrasiya, Qaçqınlar və Köçkünlər üzrə Komitəsi irlandiyalı deputatı “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinin aradan qaldırılması” mövzusunda məruzəçi təyin edib. Məruzəçi Azərbaycanın aprelin 23-ü Laçın-Xankəndi yolunun başlanğıcında nəzərət-buraxılış məntəqəsi qurmasından sonra hadisəyə münasibət bildirib.
“Azərbaycan üçtərəfli bəyanata zidd olaraq Laçın yolundan qeyri-qanuni məqsədlər üçün sistemli və genişmiqyaslı sui-istifadə edildiyini və bunun təhlükəsizliyə təhdid təşkil etdiyini iddia edir. Yerində baxış keçirilmədən bu iddiaları yoxlamaq mümkün deyil. Digər tərəfdən, Dağlıq Qarabağda sakinlərin çəkdiyi əzablar və bunun nəticəsində baş verən ciddi humanitar böhran artıq kifayət qədər sənədləşdirilib. Səfərimin məqsədi Laçın dəhlizindəki vəziyyəti yerində görməkdir. Bütün tərəflərlə görüşməyə hazıram. Son günlər gərginliyin təəssüf doğuran yüksəlişinə baxmayaraq, həm Ermənistan, həm də Azərbaycanın əməkdaşlığına və xoş niyyətinə arxalana biləcəyimə əminəm. Məqsədim ədalətli, dəqiq və dürüst hesabat hazırlamaqdır. 9 noyabr tarixli üçtərəfli bəyanatda nəzərdə tutulduğu kimi Laçın dəhlizinə girişin sərbəst və təhlükəsiz olub-olmadığını öz gözlərimlə görməyə icazə verilməsə, buna nail olmaq çətin olacaq”, Pol Qavan qeyd edib.
AŞPA-nın yaz sessiyasının ilk günündə çıxış edən Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç də məsələ ilə bağlı narahatlıq ifadə edib, hər iki tərəfi danışıqları bərpa etməyə çağırıb.
“Biz üzv dövlətlərimizi ancaq sülhü bərpa etməyə çağıra bilərik. Onu da yada salım ki, hər iki ölkə Avropa Şurasına qəbul olunanda problemin sülh yolu ilə həlli üçün işləməyi qəbul etmişdilər. Mən vaxtilə verilən bu vədi xatırlada bilərəm”, Baş Katib qeyd edib. O həmçinin, hadisəyə düzgün və dolğun qiymət verilməsi üçün Avropa Şurasının müvafiq orqanlarının bölgəyə səfərinə imkan yaradılmasına çağırıb.
Aprelin 23-ü Azərbaycan Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi qurub. Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir ki, bu addım “Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə” atılıb.
SEE ALSO: Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurması Ermənistan və ABŞ-ın reaksiyaları ilə qarşılanırRəsmi Bakının bu addımı Ermənistan və ABŞ-ın, habelə Fransanın tənqidi ilə qarşılanıb.