ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erika Olson aprelin 19-dan 21-dək Azərbaycanda səfərdə olacaq.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, Dövlət katibinin köməkçisinin müavini Olson Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyev və digər hökumət rəsmiləri ilə görüşəcək.
“Dövlət katibinin köməkçisinin müavini Olson ABŞ-nin Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq olduğunu vurğulayacaq. Regiona səfəri zamanı o, həmçinin Ermənistan və Gürcüstana səfər edir.
Erika Olson Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək və fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında Dövlət katibi Blinken, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti arasındakı görüş və mart ayında Dövlət katibinin bu iki ölkə başçıları ilə telefon danışıqlarını irəli aparmaq üçün əsas maraqlı tərəflərlə görüşür”, məlumatda qeyd edilir.
ABŞ səfirliyi daha sonra Dövlət katibinin köməkçisinin müavini Erika Olsonun aprelin 19-da Prezident Əliyevlə görüşdüyünü bildirib.
"Xanım Olson Prezident Əliyevlə görüşdə ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərini müzakirə edib. Olson hərtərəfli sülh sazişi üzrə danışıqlarda ABŞ-ın Azərbaycan və Ermənistanın səylərini dəstəkləmək öhdəliyini vurğuladı. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri qeyd edib. O, ABŞ-nin Azərbaycanın iqtisadiyyatı şaxələndirmək, təhsil və mədəni əlaqələr qurmaq, təhlükəsizlik üzrə tərəfdaş olmaq və davamlı sülh danışıqları aparmaq səylərinə dəstəyini bildirib", məlumatda qeyd edilir.
Ermənistan mediasının məlumatına görə, aprelin 17-18-də Erika Olson baş nazir Nikol Paşinyan, Ermənistan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb, ikitərəfli Ermənistan-Amerika əməkdaşlığı və ABŞ-ın hərtərəfli sülh razılaşmasının əldə edilməsinə yönəlmiş Ermənistan-Azərbaycan diplomatik danışıqlarına yardımı məsələlərini müzakirə edib.
Bununla yanaşı, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono aprelin 13-dən regionda səfərdədir.
O, aprelin 14-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
"Lui Bono gələcəkdə gərginlikdən yayınmaq üçün konstruktiv addımların və sülh prosesinə sadiqliyin zərurətini vurğulayıb. Qriqoryan Ermənistan tərəfin danışıqlar prosesinə sadiqliyini təsdiq edib, mövcud problemlərin nizamlanması üçün Ermənistanın yanaşmalarını təqdim edib", Ermənistan medası rəsmi mənbələrə istinadən bildirib.
Aprelin 17-də Lui Bonio Bakıya gəlib və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqlar prosesinin gələcək perspektivləri, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesinin digər komponentlərini müzakirə edib.
Aprelin 17-də, həmçinin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqanla da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regionda cari vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh gündəliyi müzakirə mövzusu olub.
Derek Hoqan bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu bildirib. O, ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Amerikanın Səsinə bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesində hazırda fəal qalan vasitəçi yalnız ABŞ-dır.
"Avropa İttifaqının vasitəçiliyi Fransanın mövqeyinə görə qəbul edilmədi. Hazırda Rusiyanın da vasitəçiliyi fəal deyil. İndi yalnız gündəmdə qalan ABŞ-ın vasitəçiliyidir".
Keçmiş nazir son bəyanatları təhlil edərək, hazırda söhbətin Azərbaycan və Ermənistan arasında çərçivə sülh sazişindən getdiyi qənaətində olduğunu bildirib.
"Biz görürük ki, çərçivə sülh sazişi gündəmdədir. Orada da nizamlanmanın prinsipləri əks olunub. Azərbaycan nizamlanma üzrə beş prinsip təklif edib və Ermənistan öz mövqeyini açıqlayıb. İndi həll olunmamış bir məsələ qalıb. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənistan çoxtərəfli sənədlərə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ermənistan Praqada Alma-Ata Sazişinə və BMT Nizamnaməsinə istinadən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Münaqişə iki ölkə arasında olduğundan ərazi bütövlüyü məsələsi ikitərəfli səndəddə də öz əksini tapmalıdır. Ermənistan hesab edirdi ki, Dağlıq Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı məsələ sənəddə əks olunmalıdır və beynəlxalq iştirakçıların vasitəçiliyi ilə danışıqlar yolu ilə həllini tapmalıdır. Azərbaycan erməni tərəfinin bu mövqeyini qəbul etmədi və bildirdi ki, bu, Azərbaycanın daxili işidir, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib digər vətəndaşlarla yanaşı dinc və təhlükəsiz şəraitdə yaşamalıdır. ABŞ nümayəndəsi Yerevanda olarkən baş nazir Paşinyan deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdır. Hiss olunur ki, bu məsələ də artıq həllini tapıb".
Zülfüqarov güman edir ki, çərçivə sülh sazişinin imzalanması üçün şərait yaranmaqdadır.
"Amma sazişin implementasiyası uzun müddət çəkəcək. Burada sərhədlərin delimitasiyası, demorkasiyası prosesi var, kommuniklasiyaların bərpası və açılması məsələsi var. Paşinyan bildirib ki, Zəngəzur dəhlizi məsələsi Ermənistan qanunvericiliyi çərçivəsində həllini tapacaq. Belə görünür ki, bir çox məsələlərin nizamlanması hələ açıq qalır. Biz çərçivə sülh sazişi imzalasaq sadəcə hansısa mərhələni keçmiş olacağıq. Sənədin imzalanması post-konflikt dövrü üçün bir zəmin yaradır. Yəni məsələlərin həlli üçün prinsirlər müəyyən edilmiş olur", keçmiş xairici işlər naziri qeyd edib.