Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda saxlanılan Azərbaycan hərbçilərinə baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsi (Arxiv foto, AMənbə: BQXK)

Aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan iki Azərbaycan vətəndaşına Yerevanda baş çəkib.

Bu barədə BQXK-nin Bakı nümayəndəliyi məlumat yayıb.

Məlumatda deyilir ki, saxlanılan Azərbaycan vətəndaşları ilə təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

“Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, məlumatda qeyd edilir.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aprelin 14-də bildirib ki, Azərbaycan Ordusunun hərbçiləri Aqşin Bəbirov və Hüseyn Axundov bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüb.

Hər iki hərbçi Ermənistanda saxlanılıb. Ermənistan hüquq-mühafizə orqanları Azərbaycan hərbçilərinə qarşı dövlət sərhədini qanunsuz keçmək və qanunsuz silah saxlamaq ittihamları irəli sürüb. Bununla yanaşı hərbçi Hüseyn Axundov Ermənistan ərazisində gözətçini öldürməkdə də ittiham olunur.

Aprelin 13-də hərbçi Hüseyn Axundovun Ermənistanda fiziki zorakılığa məruz qoyulmasını əks etdirən video və fotolar sosial şəbəkələrdə yayılıb. Hərbçiyə qarşı fiziki zorakılıq göstərilməsi yerli ictimaiyyət, beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycandakı bir sıra səfirliklər tərəfindən tənqidlərə yol açıb.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Bununla yanaşı, rəsmi Yerevan Azərbaycan hərbçisinə qarşı fiziki zorakılıqla bağlı şərh verməyib.

ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ-ın məlum videoda əksini tapan Azərbaycan əsgərinə qarşı Ermənistanda törədilmiş zorakılığa görə narahatlığını ifadə edib.

“Birləşmiş Ştatlar Ermənistanda Azərbaycan əsgərinə qarşı zorakılığı əks etdirən videonun yayılmasından narahatdır. Biz Azərbaycan və Ermənistanı bütün məsələləri sülh danışıqları yolu ilə həll etməyə çağırırıq” , ABŞ səfirliyi Facebook səhifəsində qeyd edib.