Universitet müəllimi Nahid Cəfəri bu yaxınlarda Nyu-York Dövlət Universitetinin Sənətkarlar və Məruzəçilər Proqramının çərçivəsində "Qadın, yaşam, azadlıq: İranda əzilmişlərin çoxmillətli perspektivi" (Women, life, freedom: A multinational perspective of the oppressed in Iran) adlı onlayn konfrans təşkil edib.
Your browser doesn’t support HTML5
Cəfəri Amerikanın Səsinə müsahibədə türk, fars, ərəb, kürd və bəluç icmalarından məruzəçilərin qatıldığı həmin konfrans haqqında danışıb. O, həmçinin İrandakı son ümummilli etirazların ictimai təsirlərini dəyərləndirib.
"Bizim toplumda, xüsusən biz feministlərə çox qarşı çıxırdılar. Fərq etmir, həm qadınlar həm kişilər qadına qarşı ayrı-seçkiliklərin olduğunu heç qəbul etmək istəmirdilər. İnkar edirdilər. Amma, məncə etirazlardan sonra, indi artıq inkar edə bilməzlər. Artıq toplum bu ayrı-seçkiliklərin olduğunu qəbul edib. Yəni inkara daha yer qalmadı... Məncə bu biz qadınlara böyük bir zəfər kimi idi" - deyə, Nahid Cəfəri İrandakı son etirazları dəyərləndirib.
Nahid Cəfərinin Nyu-York Dövlət Universitetində təşkil etdiyi onlayn konfransda İranın müxtəlif etnik və məzhəbi icmalarının üzləşdiyi sıxıntılar və onların hökümət əleyhinə təşkil olunan son etirazlardakı rolları müzakirə edilib.
Konfransda türk icmasından İsveç millət vəkili Aylin Faziliyan və dil haqları aktivisti Vahid Qarabağlı, fars icmasından siyasi şərhçi Mehdi Cəlali Tehrani və hüquq müdafiəçisi Nahid Fərhad, ərəb icmasından qadın haqları fəalı Mona Silavi, kürd icmasından hüquqşünas Tara Əzizi və Bəluç icmasından akademik Əzim Şirani məruzəçi kimi iştirak edib.
Cəfəri deyib ki, İrandakı etirazlar ilə əlaqədar ölkə daxilindəki bütün qrupların məsələlərini ingilis dilində müzakirəyə qoyan tədbirlərə ehtiyac var.
"Etirazlarla bağlı konfranslar ki, elə Amerikanın özündə də təşkil olunur, birincisi, ümumiyyətlə ingilis dilində olmur, fars dilində olur. Mən buna fikirləşdim ki, bizim sözlərimiz ingilis dilində də deyilsin ki, xaricdəki cəmiyyətlər də məsələni bilsinlər. Bir tərəfdən də burada Amerikada və ya Avropada da bu mözuya görə olan konfransların çoxu əslində irançılıq aspektindən olur. Onlar bu konfransları təşkil edirlər ki, yəni hamımız iranlıyıq, hamımız fars dilində danışırıq və ayrı-seçkilik də hamımıza bir səviyyədədir. Yəni, misal üçün, qeyri-fars millətləri görməzdən gəlirlər və onların məsələlərinə göz yumurlar. Deyirlər ki, hamının problemi eynidir, İslam Cümhuriyyətinə qarşı da hamının sözü birdir. Halbuki, elə deyil. Hər millətin öz sözləri və dərdləri var ki, gərək eşidilsin. Ona görə istədim ki, qısa da olsa, İranda zülm altında olan millətlərin də sözləri deyilsin" , Nahid Cəfəri əlavə edib.