ABŞ-ın Azərbaycandakı səfirliyinin bildirdiyinə görə, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono 13-22 aprel tarixlərində Cənubi Qafqaz regionunda səfərdə olacaq.
"Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır", ABŞ səfirliyinin mətbuat xidməti Amerikanın Səsinə bildirib.
"Bu, cənab Bono üçün dövlət katibi Blinken, Ermənistanın baş naziri və Azərbaycan prezidentinin 18 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşünə, dövlət katibinin martda liderlərlə apardığı telefon danışıqlarına və keçən ay cənab Bononun regiona səfərinə əsaslanmaq imkanı olacaq. Ermənistan və Azərbaycanın sülh prosesində səmərəli iştirakı üzrə bu yaxınlarda göstərdiyi səylər bizi ruhlandırır və cənab Bono bu stimulu inkişaf etdirməyə ümid edir. Cənab Bono vurğulayır ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz üçün dinc, demokratik və mütərəqqi gələcəyi təşviq etməyə sadiqdir", deyə səfirlik qeyd edib.
Ermənistan mediasının məlumatına görə, aprelin 14-də Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Luis Bononun görüşü olub.
Ermənistan KİV-lərinin yaydığı məlumata görə, tərəflər aprelin 11-də Azərbaycanın Laçın rayonu və Ermənistanın Sünik vilayətinin sərhədində yerləşən Tex kəndi yaxınlığında baş verən toqquşmanı müzakirə ediblər.
"Luis Bono gələcəkdə gərginlikdən yayınmaq üçün konstruktiv addımların və sülh prosesinə sadiqliyin zərurətini vurğulayıb. Qriqoryan Ermənistan tərəfin danışıqlar prosesinə sadiqliyini təsdiq edib, mövcud problemlərin nizamlanması üçün Ermənistanın yanaşmalarını təqdim edib", məlumatda bildirilir.