Azər Qasımlı: "Siyasi partiyalar haqqında"qanun partiyalar üzərində hazırda "Domokl qılıncı"dır

Azər Qasımlı-Siyasi Menecment İnstitutunun direktoru

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində "Siyasi partiyalar haqqında" qanunun partiyaların fəaliyyətinə təsirlərindən, o cümlədən siyasi partiyaların yenidən qeydiyyatı ilə bağlı yarana biləcək problemlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda müxalifət tərəfindən tənqid olunan "Siyasi partiyalar haqqında" qanun artıq müəyyən müddətdir ki qüvvədədir. Bu qanunverici akt partiyaların fəaliyyətinə necə təsir edib?

Azər Qasımlı: Mən hesab edirəm ki, hələ onun təsiri barədə danışmaq tezdir. Amma təbii ki, irəlidə ciddi təsiri olacaq. Amma məsələ nədir? Məsələ budur ki, bu qanun hal-hazırda partiyalar üzərində "Domokl qılıncı"dır. İstənilən zaman hansısa bir partiyanın qeydiyyatını ləğv edə bilərlər. Amma bunun yanında da ən əsas məsələ ondan ibarətdir ki, yeni qanuna görə yeni yaradıla biləcək hansısa partiyaların qarşısını almaq idi. Əsas məqsədlərindən biri bu idi. Azərbaycan iqtidarı hesab edir ki, bu qanuna ehtiyac var. Onlar hesab etdiyi həmin o ehtiyaca uyğun olaraq da bu qanunu qəbul ediblər. Mənim fikrimə gəlincə isə tamamilə başqa bir qanun ola bilərdi, və yaxud köhnə qanun ilə də fəaliyyət göstərmək olardı. Yeni qanun olacaqdısa bu əvvəlki qanunun daha demokratik versiyası olmalıdır. Daha ölkəni irəli apara biləcək bir qanun olmalı idi. Amma təəssüflər olsun ki, əksinə ölkəni geriyə aparan bir qanun qəbul olundu.

Your browser doesn’t support HTML5

Azər Qasımlı: Siyasi partiyalar haqqında”qanun partiyalar üzərində hazırda “Domokl qılıncı”dır

Amerikanın Səsi: Bu yaxınlarda AŞ Venesiya komissiyası və ATƏT-in DTİHB-i qanun haqqında rəyini açıqlayıb. Amerika Dövlət Departamentinin insan haqlarına dair illik hesabatında da bu hüquqi akt tənqid olunub. Sizcə hökümət tənqidləri nəzərə alacaqmı?

Azər Qasımlı: Dünyada və Azərbaycanda gedən proseslərdən asılı olacaq. İndi Ukraynada müharibə gedir. Əgər Rusiya həmin ərazidə məğlub olacaqsa təbii ki, bunun Postsovet məkanına, Cənubi Qafqaza ciddi təsiri olacaq. Yəni dünyada bir demokratiyanın dördüncü, beşinci dalğası başlaya bilər ki, bunun Azərbaycana təsiri olacaq. Yəni bu dalğa Azərbaycana gəlib çıxacaq. Onda aydındır ki, qanunvericilik dəyişə də bilər. Nəyinki "Siyasi partiyalar haqqında'qanun hətta "Media haqqında qanun"da dəyişə bilər. Başqa qanunlarda da dəyişikliklər ola bilər. Belə deyək, buna təsir edən xarici faktorlardı. Amma daxildə də bunun təsiri olacaq. Daxildə də bir hərəkətlilik olacaq. Altdan gələn tələblər olacaq, insanların sosial vəziyyəti daha da pisləşməyə doğru gedir. Bunlar hamısı təbii ki, hakimiyyəti daha əvvəl qəbul etdiyi oyun qaydasını dəyişməyə məcbur edəcək. Amma bunlar olmasa təbii ki, iqtidar nəyinki dəyişmək, hətta daha mürtece qanunlar ortaya ata bilər.

Amerikanın Səsi: Qanunla bağlı vəziyyət dəyişmədiyi təqdirdə yenidən qeydiyyatdan keçə bilməyən partiyalar siyasi fəaliyyətlərini davam etdirmək üçün hansı legitim imkanlardan istifadə edə bilərlər, bu onların seçkilərdə iştirakına necə təsir edə bilər?

Azər Qasımlı: O, siyasi partiyalardan asılıdır. Amma mən tam açıq sizə deyim ki, Azərbaycanda fəaliyyət göstərən 99 faiz partiyalar artıq hakimiyyətin yanındadılar. İndi "yandaş mediası" kəlməsi də var. Amma indi necə "avtobus müxalifəti" deyilir, "yandaş müxalifət" də deyə bilərsiniz. Onların hamısı hakimiyyətdən asılı vəziyyətdədirlər. Ölkədə hakimiyyətdən asılı vəziyyətdə olmayan inanın bir və ya iki siyasi partiya var. Ondan o tərəfə keçmir. İndi bu qanundan sonra partiyalar 5 min üzv siyahısını verməlidirlər. Üç və altı aydan bir reyestrdən keçməlidirlər. İstədikləri zaman o partiyaları bağlaya bilərlər. Əlbəttə ki, bu bayaq dediyim kimi dünyada gedən o proseslərdən asılı olacaq.

Xatırlatma

Prezident İlham Əliyev "Siyasi Partiyalar haqqında" qanunu imzalayıb. Qanunun mətni yanvarın 11-də rəsmi mediada dərc olunub və bununla da icra qüvvəsinə minib. Dövlət başçısı "Siyasi Partiyalar haqqında" qanunun tətbiqi haqqında fərman da imzalayıb. Fərmana görə, Nazirlər Kabineti üç ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslərlə bağlı məlumatların təqdim edilməsi, siyasi partiyanın maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydasını təsdiq edəcək. Sənəd müxalifətdə olan bir çox siyasi partiyalar tərəfindən kəskin tənqidlərə səbəb olub. Müxaliftətdə olan siyasi partiyalar yeni qanunun siyasi fəaliyyətin məhdudlaşdırılmasına, müxalifət partiyalarının sıradan çıxarılmasına yönəldiyini bildirib.

"Siyasi Partiyalar haqqında" qanuna görə, sənəd Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin (Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) 1-ci (Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı) və 10-cu bəndlərinə (fiziki və hüquqi şəxslərin statusu) uyğun olaraq, siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir. Sənəddə deyilir ki, Azərbaycanda tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaş (təsisçilər) siyasi partiya təsis edə bilər. Siyasi partiyaların dövlət qeydiyyatına alınması üçün 5000 nəfər üzvü olmalıdır. Bununla yanaşı, dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırılır. Həmçinin siyasi partiya üzvlərinin reyestri aparılacaq. Qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. Sənəddə deyilir ki, siyasi partiyalara il ərzində ianələrin yuxarı həddi minimum əmək haqqının 35 mislindən (hazırki anda 10500 manat) artıq ola bilməyəcək.